Ölkəmizdə intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə isə qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Zefer.media-ya açıqlamasında deyib ki, bu gün – martın 27-si və sabah – martın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti davam edəcək:
“Bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Ayın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək”.

Gülşad Məmmədova qeyd edib ki, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şərq rayonlarında isə güclü olacağı ehtimalı var:
“Mülayim qərb küləyi əsəcək, havanın maksimal temperaturu Aran rayonlarında 11-16 dərəcə isti, dağlıq yerlərdə isə iki dərəcəyədək şaxta olacaq. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuq artacaq, xüsusilə Quba, Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin axan çaylarında qısa müddətə sel keçəcək.
Zərintac Mayisqızı

















