Shell şirkətinin baş direktoru Vael Sawan xəbərdarlıq edib ki, əgər İran Hörmüz boğazı üzərində blokadanı aradan qaldırmasa, Avropa artıq aprelin əvvəlində ciddi enerji və yanacaq çatışmazlığı ilə üzləşə bilər.
Zefer.media The Guardian nəşrinə istinadən xəbər verir ki, Texas ştatında keçirilən böyük neft sənayesi konfransında çıxış edən şirkət rəhbəri Avropa regionunda enerji təchizatında fasilələrin qaçılmaz ola biləcəyini bildirib.
Vael Sawanın sözlərinə görə, böhranın təsirləri mərhələli şəkildə yayılır: əvvəlcə Cənubi Asiyada hiss olunub, daha sonra Cənub-Şərqi və Şimal-Şərqi Asiyaya keçib, aprel ayında isə daha çox Avropaya təsir edəcəyi gözlənilir.
Artıq dördüncü həftəsinə daxil olan böhran xüsusilə reaktiv yanacaq bazarına ciddi təsir göstərib – münaqişə başlayandan bəri qiymətlər təxminən iki dəfə artıb. Yay mövsümündə ABŞ və Avropada avtomobil istifadəsinin artması fonunda dizel, daha sonra isə benzin bazarında da çatışmazlıq riski yüksəlir.
Şirkət rəhbəri qeyd edib ki, Shell hazırda Asiya ölkələrində enerji rasionuna səbəb olan neft və qaz təchizatı böhranının aradan qaldırılması üçün Avropa hökumətləri ilə sıx əməkdaşlıq edir.
Bundan əlavə, İranın raket zərbəsi nəticəsində şirkətə məxsus Pearl GTL zavodu ciddi zərər görüb. Təxminən 750 milyon dollar ziyan dəyən bu obyekt şirkətin ən gəlirli aktivlərindən biri hesab olunur.
Hadisələr fonunda Qətər hakimiyyəti mart ayının əvvəlində fors-major elan edib və ölkədə qaz hasilatı müvəqqəti olaraq dayandırılıb.
Aytən Yalçınqızı

















