Əbu-Dabidə raketin zərərsizləşdirilməsi zamanı qalıqların düşməsi nəticəsində bir nəfər yaralanıb. Hadisə pilotsuz uçuş aparatları və raket hücumları ilə müşayiət olunan genişmiqyaslı eskalasiya fonunda baş verib. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri “İran tərəfindən həyata keçirilən raket və pilotsuz aparat hücumlarını” dəf edir.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında şərq və şimal sərhəd bölgələrində dronların zərərsizləşdirildiyi bildirilib. Həmçinin paytaxt Ər-Riyad istiqamətində yönələn iki ballistik raket məhv edilib.
Küveytdə də “düşmən raket və pilotsuz aparat təhdidlərinin” qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. Bu barədə ölkənin silahlı qüvvələri məlumat verib.
İran ərazisində hava zərbələri qeydə alınır. Dövlət mediası İsrail Müdafiə Ordusunun paytaxta qarşı “genişmiqyaslı hücum dalğasının” başladığını elan etməsindən sonra Tehranda silsilə zərbələr barədə məlumat yayıb.
Daha əvvəl bildirilib ki, Bəndər-Abbas şəhərində Persian Gulf Broadcasting Center-in radioötürücü mərkəzinə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb. İran Qızıl Aypara Cəmiyyəti ölkənin şimal-qərbində yerləşən Urmiya şəhərində yaşayış məntəqəsinə edilən hücuma reaksiya verildiyini açıqlayıb.
Bundan əlavə, Fars agentliyinin məlumatına görə, Xorrəmabad şəhərinin yaşayış məntəqəsinə zərbələr endirilib, ölənlər və yaralananlar var.

















