İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra ABŞ-nin neft və qaz sektorunda sövdələşmələr faktiki olaraq iflic vəziyyətinə düşüb.
Zefer.media bu barədə Financial Times qəzetinə istinadən xəbər verir.
İlin əvvəlindən bəri davam edən gərginlik fonunda qeyri-sabit neft qiymətləri şirkətlərin aktivlərin dəyərini düzgün qiymətləndirməsini çətinləşdirib. Hesabatda qeyd olunur ki, bazarlarda qeyri-müəyyənlik səbəbindən neft və qaz sektorunda birləşmə və satınalma (M&A) üzrə danışıqlar ya kəskin şəkildə yavaşlayıb, ya da tamamilə dayandırılıb. Şirkətlər vəziyyətin sabitləşməsini və qiymətlərin daha proqnozlaşdırılan olmasını gözləyir.
Sahə üzrə ixtisaslaşmış hüquq firmalarından birinin nümayəndəsi bildirib ki, hazırda demək olar hər şey iflic vəziyyətindədir, çünki heç kim aktivlərə real qiymət verə bilmir.
Eyni zamanda, Hörmüz boğazı ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ və İran arasında genişmiqyaslı münaqişənin başlamasından üç həftə keçməsinə baxmayaraq, dünya üzrə dəniz neft daşımalarının təxminən 25%-nin həyata keçirildiyi bu strateji keçid hələ də bağlıdır.
Məlumata görə, İranın sahil raket sistemləri, pilotsuz uçuş aparatları və dəniz minaları ABŞ-nin hərbi dəniz qüvvələrinin tankerlərin təhlükəsiz keçidini təmin etməsinə mane olur. Boğazın açılması üçün Vaşinqtonun İran ərazisinə dəniz piyadaları yerləşdirmək ehtimalı da istisna edilmir və belə qüvvələrin artıq münaqişə zonasına göndərildiyi bildirilir.
Aytən Yalçınqızı

















