Avropa İttifaqı füzyon enerjisi və nüvə texnologiyalarını, eləcə də bu sahədə insan resurslarını dəstəkləmək üçün 330 milyon avro vəsait ayıracaq.
Zefer.media ” TRT Xəbər” – ə istinadən bildirib ki, Avropa Komissiyası 2026–2027-ci illəri əhatə edən Avropa Atom Enerjisi Birliyi (Euratom) Tədqiqat və Təhsil Proqramının qəbul edildiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, proqram nüvə tədqiqatı və innovasiyanı dəstəkləyərək Avropa İttifaqının enerji müstəqilliyini, rəqabət qabiliyyətini və texnoloji liderliyini artırmağı hədəfləyir. Qeyd olunub ki, Aİ-nin 2050-ci ilə qədər karbon-neytral olma məqsədi çərçivəsində hazırlanan proqram təmiz enerji texnologiyalarının inkişafına töhfə verəcək.
Açıqlamada proqram çərçivəsində füzyon enerjisinin laboratoriya mərhələsindən elektrik şəbəkəsinə ötürülməsi üçün 222 milyon avro sərmayə qoyulacağı, bu istiqamətdə kommersiya baxımından tətbiq oluna bilən füzyon texnologiyalarının hazırlanması və Avropada güclü təchizat zəncirinin yaradılması məqsədilə yeni dövlət-özəl tərəfdaşlığının qurulacağı bildirilib.
Proqram çərçivəsində nüvə sahəsinə 108 milyon avro vəsait ayrılacağı vurğulanaraq, bu vəsaitin radioaktiv tullantıların təhlükəsiz idarə olunması, radiasiyadan qorunma, nüvə materiallarının innovasiyası və mövcud nüvə stansiyalarının uzunmüddətli təhlükəsiz istismarı kimi sahələrdə tədqiqatları dəstəkləyəcəyi qeyd edilib.
Açıqlamada kiçik modul reaktorlar (SMR), qabaqcıl reaktor texnologiyaları və nüvə yanacağı üzrə işlərin də proqramın prioritetləri sırasında yer alacağı bildirilib.
Həmçinin vurğulanıb ki, nüvə sahəsində ixtisaslı insan resurslarının artırılması məqsədilə təqaüd kimi mexanizmlərlə yeni kadrların dəstəklənməsi planlaşdırılır.
Lalə Qurbanlı

















