Yaxın Şərqdə artan gərginlik və Fars körfəzi ölkələri üzərindən tranzit imkanlarının məhdudlaşması Hindistandan Rusiyaya səfər planlaşdıran turistlərə ciddi təsir göstərib.
Zefer.media xəbər verir ki, Tur Operatorları Assosiasiyasının (ATOR) bildirdiyinə görə, regionda yaranmış vəziyyət və tranzit uçuşlar üçün istifadə olunan bəzi hava limanlarının bağlanması səbəbindən hindistanlı turistlər Rusiyaya planlaşdırdıqları turları kütləvi şəkildə ləğv edirlər.
Məlumata əsasən, “Intourist” şirkəti böhranın ilk günlərindən etibarən ləğvlərin artdığını və bu prosesin hələ də davam etdiyini qeyd edir. “Tari Tour” da oxşar problemlə üzləşib. Belə ki, BƏƏ üzərindən uçmağı planlaşdıran üç hind turist qrupu mart ayına nəzərdə tutulmuş səfərlərini ləğv edib.
Ekspertlərin sözlərinə görə, Asiya ölkələrindən Rusiyaya səyahət edən turistlərin böyük hissəsi məhz Fars körfəzi üzərindən tranzit uçuşlardan istifadə edir. Lakin mövcud geosiyasi şərait bu marşrutların fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Eyni problem BƏƏ vasitəsilə Hindistan, Tayland və Vyetnama səyahət etməyi planlaşdıran rusiyalı turistlərə də təsir edir. Mövcud vəziyyət beynəlxalq turizm axınında ciddi pozuntulara səbəb olub.
Aytən Yalçınqızı

















