Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistana səfər edəcəyi gözlənilir. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Ukraynanın Xarici İşlər Nazirliyi səfərlə bağlı hələ rəsmi açıqlama yaymayıb.
Qeyd olunur ki, mayın 4-ü keçiriləcək sammitdə iştirak etmək üçün Ermənistana ölkə və ya qurum rəhbərləri səviyyəsində təxminən 50 yüksəksəviyyəli nümayəndə heyəti gedəcək. Bundan başqa, 4-5 may tarixlərində İrəvanda həmçinin ilk Ermənistan-Avropa İttifaqı (Aİ) sammiti keçiriləcək. Tədbirdə Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa İttifaqını isə Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təmsil edəcək.
Politoloq Zeynal Əmrəliyev Zefer.media-ya açıqlamasında deyib ki, Ukrayna liderinin Ermənistana səfəri işgüzar xarakter daşıyır və əsas məqsəd Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etməkdir:
“Ukrayna lideri indiyədək bu platformanın tədbirlərində mütəmadi iştirak etmədiyindən, sözügedən sammit onun üçün həm siyasi, həm də diplomatik baxımdan əhəmiyyətli hesab olunur.
Səfər çərçivəsində Ukrayna ilə Ermənistan arasında ikitərəfli münasibətlərin də müzakirəsi gözlənilir. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra ölkənin xarici siyasətində müşahidə olunan dəyişikliklər – Rusiyadan müəyyən qədər uzaqlaşma və Qərbə inteqrasiya kursunun gücləndirilməsi – bu görüşləri daha da aktual edir. Bu kontekstdə Zelenski ilə Paşinyan arasında siyasi dialoqun aparılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istisna olunmur.
Eyni zamanda, Ermənistan daxilində Rusiyaya yaxın siyasi dairələrin bu proseslərə həssas yanaşacağı ehtimal edilir. Robert Köçəryan kimi fiqurların təmsil etdiyi qüvvələrin, eləcə də digər rusmeylli siyasi aktorların Paşinyan hökumətinin Qərbyönümlü siyasətinə qarşı mövqelərini gücləndirməsi mümkündür”.

Politoloq əlavə edib ki, həmin qüvvələrin əsas məqsədi Ermənistanın xarici siyasətində Rusiyaya qarşı addımların qarşısını almaq və balansı qorumaqdır:
“Beləliklə, Zelenskinin səfəri təkcə beynəlxalq sammitdə iştirakla məhdudlaşmır, həm də regionda geosiyasi dinamikanın yeni istiqamətlərdə formalaşmasına təsir göstərə biləcək mühüm diplomatik hadisə kimi qiymətləndirilir”.
Aytən Yalçınqızı

















