Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı gecəsi Çinə dövlət səfəri çərçivəsində Pekinə gəlib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Çin Prezidenti Xi Jinpingin dəvəti ilə Vladimir Putin mayın 19-dan 20-dək Çində səfərdə olacaq. Bu, Putinin Çinə 25-ci səfəridir. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkə lideri ikitərəfli münasibətlər, müxtəlif sahələr üzrə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bu il Çin–Rusiya strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının 30-cu ildönümü, həmçinin Çin–Rusiya Yaxşı Qonşuluq və Dostluq Əməkdaşlığı Müqaviləsinin imzalanmasının 25-ci ildönümü qeyd olunur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, tərəflər bu fürsətdən istifadə edərək Çin və Rusiya arasındakı münasibətləri daha da dərinləşdirmək və yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. Məqsəd dünyaya daha çox sabitlik və müsbət enerji qazandırmaqdır.
















