8 avqust 2025-ci ildə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında, Vaşinqtonda sülh memorandumunun imzalanmasından 1 il ötür.
Həmin sənədə görə, Azərbaycan və Ermənistan Minsk qrupunun fəaliyyətini dayandırması üçün birlikdə müraciət edir, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması üçün əməkdaşlıq başladılır. Beləliklə, Azərbaycan Naxçıvanla maneəsiz bağlantı əldə edəcək. Bundan başqa ABŞ prezidenti 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar verib.
Bu 1 il ərazində isə olduqca mühüm irəliləyişlərə əldə edilib.
Politoloq Tural İsmayılov Zefer.media-ya açıqlamasında deyib ki, Vaşinqtondakı tarixi razılaşma bütövlükdə Cənubi Qafqazın siyasi və iqtisadi fonuna çox böyük və müsbət töhvələr bəxş etmiş oldu.
“2025-ci ilin 8 avqust tarixində qazanılan razılaşmadan sonra təkcə Azərbaycan və Ermənistan arasında sülhə doğru əmin addımlar atılmadı, eyni zamanda Cənubi Qafqazın gələcəkdə dünyanın ən önəmli siyasi və iqtisadi məkanından birinə çevrilməsi ilə əlaqədar ciddi fəaliyyətlər icra edilib. Məhz Vaşinqton razılaşmasından keçən dövr ərzində Bakı və İrəvan arasında münasibətlərin sülhə yönümündə irəliləməsində böyük iradə ortaya qoyuldu. Vurğulamaq yerinə düşər ki, Vaşinqton görüşünün reallaşması, bütövlükdə orada imzalanan razılaşmaların əsas memarı Azərbaycan olub. Hətta torpaqlarımız işğal altında olarkən – 30 il müddətində də daim həmin bölgənin inkişafının sülh istiqamətinə getməsi və o cümlədən sülhün Cənubi Qafqazdan başlayaraq Avrasiya məkanının gələcək trayektoriyasına verə biləcəyi dinamikaya dair dəfələrlə öz mövqelərini ifadə edib. Lakin təəsüflər olsun ki, Ermənistanın apardığı 30 illik işğalçılıq müharibəsi və Azərbaycanın sülhlə bağlı çağırışlarını Ermənistan və havadarlarının qulaq ardına vurması nəticədə 2020-ci ildə müharibənin ortaya çıxmasına gətirib çıxarıb. Amma Vaşinqton sazişləri bir daha Azərbaycanın qlobal sülh vizyonunun nə qədər önəmli olduğunu bütün dünyaya sübuta yetirmiş, göstərmiş oldu”, – Politoloq vurğulayıb.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, artıq Azərbaycan ərazisindən tranzit keçməklə müxtəlif ölkələrin məhsulları Ermənistan ərazisinə daşınır, həmçinin ölkəmizin neft məhsulları Ermənistana ixrac edilir:
“Bununla yanaşı TRIPP marşrutunun fəaliyyətə başlaması ilə bağlı vacib addımlar atılır. Bu gün ayrı-ayrı coğrafiyalarında qlobal xaos və nizamsızlığın bütün dünyada təhlükəsizliyə, iqtisadi sabitliyə vurduğu zərbələrin fonunda 8 avqust – Vaşinqton razılaşması bir il ərzində bölgədə həyata keçirilən mühüm proseslər Cənubi Qafqazın sülh vizyonunun gələcəkdə bütün dünya üçün nə qədər önəmli olduğunu nümayiş etdirir. Bakı və İrəvan arasındakı Vaşinqton razılaşması inkişaf edən dünya ölkələrinin diqqətinə, marağına səbəb olub. Xüsusilə Orta dəhliz, Şimal-Cənub kimi beynəlxalq əhəmiyyətli coğrafi, iqtisadi layihələrin inkişaf etdiyini də nəzərə alanda Vaşinqton sazişləri bütövlükdə Avrasiyanın deyil, qlobal dünyanın gələcək iqtisadi, siyasi korrektorasına böyük töhvələr verir”.
Zərintac Mayisqızı

















