Türkiyə və İran arasında təbii qaz tədarükü ilə bağlı müqavilənin daha beş il müddətinə uzadılması barədə razılıq əldə olunub.
Zefer.media xəbər verir ki, razılaşmaya əsasən, iyul ayında başa çatan 25 illik sazişin müddəti uzadılır. İllik qaz tədarükünün həcmi əvvəlki səviyyədə – təxminən 10 milyard kubmetr saxlanılıb.
Müqavilə Türkiyənin dövlətə məxsus BOTAŞ şirkəti ilə İran Milli Qaz Şirkəti arasında imzalanıb. Yeni saziş 18 aprel 2032-ci ilədək qüvvədə olacaq. Qazın qiymətinin müəyyənləşdirilməsi mexanizmində isə dəyişiklik edilməyib.
Qeyd edək ki, İran Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında Rusiya, Azərbaycan və ABŞ-dən sonra dördüncü yerdə qərarlaşır.
2025-ci ildə İran Türkiyəyə 7,7 milyard kubmetr təbii qaz tədarük edib. Bu, Türkiyənin həmin ilki ümumi qaz idxalının təxminən 13,2 faizini təşkil edib.
Ümumilikdə, Türkiyə 2025-ci ildə 58,4 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici 2024-cü illə müqayisədə 11,73 faiz çoxdur.




