ABŞ Prezidenti Donald Tramp xüsusilə ağır cinayətlərə qarşı cəzaların sərtləşdirilməsi istiqamətində yeni addım atmağa hazırlaşır.
“The Guardian” qəzetinin məlumatına görə, Tramp ABŞ Ədliyyə Nazirliyinə uşaqları qətlə yetirən, qurbanlarını öldürən təcavüzkarlar və insan alverçiləri barəsində ölüm hökmü tələb edilməsi barədə göstəriş verəcəyini açıqlayıb.
Zefer. media xəbər verir ki, ABŞ prezidenti Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında bununla bağlı prezident sərəncamı imzalayacağını bildirib.
Bundan başqa, Tramp baş prokurora əvvəllər çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə tapşırıq verib.
O, ölüm cəzasının məhkəmə prosesindən sonra gecikdirilmədən icra olunmasının vacibliyini vurğulayıb.
“Jüri qərarını verdikdən sonra ölüm hökmü sürətli və qaçılmaz olmalıdır”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bu təşəbbüs ABŞ-də xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi və icrası ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.




