OSINT-analizi aparan ASTRA-nın məlumatına görə, Soçidə “Rosneft”ə məxsus neft bazasında ehtimal olunan təkrar yanğın baş verib.
Zefer.media Caliber.az – a istinadən xəbər verir ki, Adlerdə yerləşən “Rosneft-Kuban neft məhsulları” neft bazası artıq sentyabrın 4-nə keçən gecə hücuma məruz qalmışdı.
Yerli hakimiyyət orqanları yanğınla bağlı rəsmi məlumat verməyib. Yanğın barədə məlumat Telegram kanallarında, o cümlədən “Supernova+” kanalında yayılıb. Lakin yanğının məhz neft bazasında baş verdiyini təsdiqləyən rəsmi məlumat yoxdur.
Yanğın barədə məlumat yayılmamışdan əvvəl dron hücumu və hava həyəcanı elan edilməsi ilə bağlı hər hansı məlumat verilməyib.
Qeyd edək ki, “Rosneft-Kuban neft məhsulları” neft bazası Soçi şəhərinin Adler rayonunda, Aviasiya küçəsi 17/10 ünvanında yerləşir.
Neft bazası neft məhsullarının saxlanılmasını və tədarükünü təmin edir və Rusiyanın iri aviasiya qovşaqlarından biri olan Soçi Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Hava limanı 2024-cü ildə sərnişin axınına görə Rusiyada 5-ci yeri tutub.
“Rosneft-Kuban neft məhsulları” ilə yanaşı, gecə saatlarında baş verən dron hücumundan sonra Soçidə, Sirus federal ərazisində yerləşən “LUKOYL-Cənub neft məhsulları” neft bazasında da yanğın baş verib. Hadisə şahidlərinin çəkdiyi və ASTRA-nın OSINT analitiki tərəfindən geolokasiya edilən görüntülər bunu göstərib.
Bundan başqa, Abxaziya ilə sərhəddə, Psou çayı yaxınlığındakı Sirus qəsəbəsi ərazisində yerləşən hava hücumundan müdafiə diviziyasına da hücum edilib.
Pərvin Hacıyeva




