Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müdafiə potensialını gücləndirmək üçün mühüm qərarlar qəbul etdiyini açıqlayıb. O, bu açıqlamanı Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasından sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə birgə brifinqdə verib.
Makron uzunmüddətli perspektivdə Ukraynanı daha qətiyyətlə dəstəkləmək niyyətində olduğunu bildirib və qeyd edib ki, bu görüş son aylarda götürülmüş öhdəliklərin sürətləndirilmiş şəkildə yerinə yetirilməsini nümayiş etdirir.
O, Ukrayna səmasında “Rafale” təyyarələrinin 2028-2029-cu illərdə uçmağa başlayacağını bəyan edib.Bundan əlavə, Fransa prezidenti Ukraynanın SAMP/T sistemləri üçün “Aster” raketlərinin istehsalı üçün lisenziya alacağını da vurğulayıb
Mövzu ilə bağlı Zefer.media-ya açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, kollektiv Qərb artıq Rusiya ilə məsələni birdəfəlik həll etmək niyyətini nümayiş etdirir:
“Son aylarda baş verən hadisələr onu göstərir ki, kollektiv Qərb artıq Rusiya ilə məsələni birdəfəlik həll etmək niyyətini nümayiş etdirir. Fransa Prezidenti Emmanuel Makronun açıqladığı qərarlar reallaşarsa, bu, Rusiya üçün dağıdıcı prosesin başlanğıcı ola bilər. Bununla belə, önəmli məqam ondan ibarətdir ki, Qərb ölkələri bəzən verdikləri vədləri ya tam yerinə yetirmir, ya da onların icrasını gecikdirirlər. Bu baxımdan, indi çox şey kollektiv Qərbdən asılıdır. Əgər Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla Qərbin aparıcı dövlətləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, yaxın gələcəkdə Rusiyanın çıxılmaz vəziyyətə düşməsi qətiyyən istisna deyil. Hazırda Rusiya faktiki olaraq orta əsrlər dövrünə qaytarılır və bu proses davam edərsə, ölkənin mövcudluğu belə ciddi risklərlə üzləşə bilər”.

Həmçinin müsahib açıqlamasında bildirib:
“Kollektiv Qərb Rusiyanın gələcəkdə Avropa üçün hərbi təhlükə mənbəyi olaraq qalmasını istəmir və Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin effektivliyini artıq anlamağa başlayıb. Məhz buna görə də Ukraynaya daha ciddi dəstək vermək niyyətindədir. Əgər bu proses davam etdirilərsə və Ukrayna ordusunun silah-sursat, eləcə də hərbi texnika ilə təmin olunması israrla sürdürülərsə, bu, Rusiyanın döyüş potensialının tükənməsinə və müqavimət imkanlarının məhdudlaşmasına səbəb ola bilər. Nəticədə Kreml neoimperialist tələblərindən imtina edərək Ukrayna və kollektiv Qərbin sülh şərtləri ilə razılaşmağa məcbur qala bilər. Böyük ehtimalla, Rusiyanın zəiflədilməsi indiki templə davam edərsə, Kreml Rusiya ordusunu Ukrayna ərazisindən tam çıxarmağa, hətta Krımdan belə imtina etməyə məcbur qala bilər. Yəni mövcud proseslər davamlı xarakter alarsa, Rusiyanın Ukraynanın beynəlxalq hüquq normaları ilə tanınmış sərhədlərindən geri çəkilərək ordusunu öz sərhədləri daxilinə qaytarması qaçılmaz ola bilər”.
Qəmər Kazımzadə

















