Bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı 1 milyon 342 min olub. Tursitlərin təxminən yarısı iki ölkəni təmsil edirlər. Belə ki, gələnlərin 28,3 faizi Rusiya, 20,0 faizi isə Türkiyə vətəndaşlarıdır.
Zefer.media xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, gəlmə turzimdə diqqəti çəkən məqamlardan biri də türk dövlətlərindən gələnlərin sayındakı dəyişiklikdir:
“Bu müddətdə Azərbaycana gələn turistlərin 30 faizi türk dövlətlərinin vətəndaşlarıdır. Bu o deməkdir ki, təxminən ölkəmizə səfər edən hər üç turistdən biri türk dünyasından gəlir. Bu müddətdə qardaş Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 turist Azərbaycana səfər edib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu qardaş ölkədən gələnlərin sayında artımların olacağı gözlənilir. Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi dostluq Müqaviləsi bütün digər sektorlar kimi, turizmə də xüsusi töhvə verəcək. Türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da güclənməsi turizm sahəsində də əməkdaşlığa xüsusi fayda qatmaqdadır.
Rəsmi statistikaya əsasən, körfəz ölkələrindən gələn tursitlərin sayında kəskin azalma qeydə alınıb. Bu regiondan gələn turistlərin sayı 32.8 faiz azalıb. Aydındır ki, azalma daha çox İran münaqişəsinin regional təsirləri ilə bağlıdır. Daha çox artım isə Arvopa İttifaqından gələnlərdə qeydə alınıb: 8 faiz. Eyni zamanda, 1.6 faiz artımın qeydə alındığı MDB dövlətləri üzrə isə ciddi dəyişiklik qeydə alınmayıb”.

















