Xroniki yorğunluq günümüzün ən gözəgörünməz, lakin ən geniş yayılmış problemlərindən birinə çevrilib. Səhərlər halsız oyandığımız, gün ərzində diqqətimizi toplamaqda çətinlik çəkdiyimiz və daimi tükənmişlik hiss etdiyimiz anlar artıq istisna deyil, həyat normasına çevrilir. Bəs bədənimizin bizə göndərdiyi bu Siqnalın arxasında nə dayanır — sürətli həyat ritmi, rəqəmsal gərginlik, yoxsa orqanizmdəki gizli səhhət problemləri?
Mövzuyla bağlı Zefer.media – ya açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov rəqəmsal dünyanın insan beyninə fasiləsiz informasiya ötürdüyünü və bunun xroniki yorğunluqda rolu olduğunu bildirib :

“Beyin hər bir informasiyanı qəbul edir, emal edir və yadda saxlayır. Bu davamlı informasiya axını psixoloji yük yaradır. İnsan bəzən bədənini yatağa qoyur, amma beynini yatıra bilmir. Buna görə yuxunun yalnız müddəti deyil, keyfiyyəti də vacibdir. İnsan yatmaq qərarı verdiyi andan ağıllı cihazlardan uzaqlaşmalı, beyninə informasiya qəbulunu dayandırmaq üçün şərait yaratmalıdır”.
Psixoterapevt vurğulayıb ki, insan psixoloji olaraq tükənəndə bunu bədəni də daşıyır:
” Davamlı stress, narahatlıq və informasiya axını beynin daim hazır vəziyyətdə qalmasına səbəb olur və bu, fiziki enerjini də tükədir. İnsan gündəlik hərəkətdə olmalıdır, amma özünü həm fiziki, həm də psixoloji olaraq fasiləsiz yükləməməlidir. Bəzən insan daxili gərginliyindən qaçmaq üçün özünü fiziki fəaliyyətə məcbur edir. Halbuki hər hərəkət istirahət deyil. Bəzən insan qaçdığı yorğunluğu özü ilə birlikdə daşıyır”.
Ekspertin sözlərinə görə, halsızlığı yalnız psixoloji səbəblərlə izah etmək doğru deyil:
” Davamlı yorğunluq orqanizmdə gedən tibbi proseslərin də siqnalı ola bilər. İnsan bədəninin verdiyi siqnalları susdurmaq əvəzinə onları dinləməlidir. İl ərzində həkim nəzarəti və ehtiyac olduqda psixoloji dəstək həyatın normal hissəsinə çevrilməlidir. Bu, tibbi mədəniyyətdir. Bədənin və düşüncənin məsuliyyətini daşımaqdır”.
Mütəxəssis gün ərzində zamanı doğru bölməyin əhəmiyyətini qeyd edib:
” İnsan yalnız işə və nəticəyə deyil, istirahətə də vaxt ayırmalıdır. Düşüncəmizdə yaratdığımız illüziyaları reallıqla müqayisə etməliyik. İnsan reallıqdan və öz reallığından qaçdıqca daxili gərginliyini artırır. Çünki insanın qaçdığı hər şey psixoloji yükə çevrilir. Enerjini bərpa etmək üçün əvvəlcə insanı tükədən həyat tərzini görmək lazımdır”.
Sonda Rövşən Nəcəfov bədən enerjisinin qidalanma və su qəbulundan asılı olduğunu diqqətə çatdırıb:
” Az qidalanmaq yox, keyfiyyətli və balanslı qidalanmaq lazımdır. Doymaq üçün deyil, yaşamaq üçün yemək lazımdır. Kifayət qədər su qəbul etmək də vacibdir. İnsan bədəninə lazım olanı vermədikdə ondan daim enerji tələb edə bilməz. Öz bədənini tükəndirib sonra ondan məhsuldarlıq gözləmək sağlam həyat deyil”.
Pərvin Hacıyeva

















