“Anthropic”in müəllif hüquqları üzrə 1,5 milyard dollarlıq razılaşmasından ödəniş gözləyən bəzi müəlliflər naşir və ədəbi agentlərin onların paylarına dair iddialar irəli sürdüyünü bildiriblər.
Zefer.media “The Verge”ə istinadən xəbər verir ki, müəllif hüquqları ilə bağlı kollektiv iddianın razılaşma ilə yekunlaşmasından sonra təxminən 500 min kitabın müəllifinə hər pirat nüsxəyə görə 3000 dollar ödənilməsi nəzərdə tutulub. Ənənəvi nəşriyyatla müqaviləsi davam edən müəlliflərdə ödəniş 50/50 nisbətində bölünür, hüquqları müəllifə qaytarılmış və ya özünün nəşr etdiyi əsərlər üzrə isə məbləğin tam müəllifə çatması nəzərdə tutulur.
Lakin bəzi müəlliflər naşirlərin hüquqları artıq onlara məxsus olmayan əsərlər üzrə də ödəniş tələb etdiyini, bəzilərinin isə razılaşmada nəzərdə tutulan 50 faiz əvəzinə məbləğin 100 faizinə iddia etdiyini yazıblar.
Müəlliflərin şikayətlərini araşdıran “Writers Beware” bloqunun müəllifi Viktoriya Ştraus bunun geniş yayılmış və sistemli problem ola biləcəyini bildirib. Bununla belə, o, bəzi halların zəif sənədləşdirmə və qarışıq razılaşma prosesi ilə bağlı ola biləcəyini də qeyd edib.
Müəlliflər həmçinin bəzi ədəbi agentliklərin də “Anthropic” razılaşması çərçivəsində ödənişlərdən pay tələb etdiyini bildiriblər. Müəlliflər Gildiyası isə ödənişlərin bölüşdürülməsi ilə bağlı mübahisələrin necə həll edilə biləcəyinə dair məlumat yayıb.
Qeyd olunur ki, kitab hüquqlarının müəllifə qaytarılması ilə bağlı tarix də ödənişin kimə çatacağını müəyyənləşdirən əsas meyarlardan biridir.
Aytən Yalçınqızı

















