Depressiya müasir dünyada ən çox rast gəlinən, lakin çox vaxt adi ruh düşkünlüyü ilə qarışdırılan ciddi bir psixi sağlamlıq problemidir. Bu vəziyyət sadəcə keçici bir kədər hissi deyil, insanın düşüncə tərzindən tutmuş fiziki sağlamlığına qədər hər bir sahəyə təsir edən kompleks bir prosesdir. Bioloji faktorlar, genetik meyillilik və yaşanılan sosial travmalar depressiyanın yaranmasında əsas rol oynayır. Müxtəlif növləri olan bu xəstəliyin səbəblərini və fərqli təzahür formalarını anlamaq, həm xəstəliklə mübarizə, həm də cəmiyyətdə düzgün maarifləndirmə aparmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Məsələylə bağlı Zefer.media – ya açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hər kədərli anı depressiya kimi qiymətləndirməyin doğru olmadığını qeyd edib:

” Kədər hissi insanın təbii emosional reaksiyalarından biridir və gündəlik həyatda yaşadığımız hər qəmginliyi depressiya adlandırmaq düzgün deyil. İnsan müxtəlif hadisələrə, itkiyə, uğursuzluğa və ya stressə cavab olaraq kədərlənə bilər və bu, psixoloji baxımdan normal sayılır. Bütün emosional reaksiyaları depressiya kimi qiymətləndirmək həm yanlış, həm də vəziyyəti şişirtmək deməkdir.
Depressiyanı adi qəmginlikdən ayıran əsas sərhəd onun davametmə müddəti, intensivliyi və insanın həyatına təsiridir. Sadə kədər keçici olur və zamanla zəifləyir. Depressiya isə ən azı iki həftə ərzində, demək olar ki, hər gün davam edən bir haldır. Bu vəziyyət insanın şəxsi, iş və sosial həyatına ciddi şəkildə mənfi təsir göstərir, onun gündəlik funksionallığını azaldır. Artıq burada söhbət sadəcə emosional reaksiyadan deyil, psixi vəziyyətin dəyişməsindən gedir.
Depressiya yalnız emosional sahə ilə məhdudlaşmır, eyni zamanda fiziki sağlamlığa da təsir edir. Bu zaman yuxu və qidalanma pozuntuları müşahidə olunur. Bəzi insanlarda həddindən artıq yuxululuq və iştah artımı, digərlərində isə yuxusuzluq və iştahsızlıq yaranır. Enerji səviyyəsi aşağı düşür, yorğunluq artır, diqqət və yaddaş zəifləyir. Bundan əlavə, immun sistem də zəifləyə bilər ki, bu da müxtəlif xəstəliklərə qarşı həssaslığı artırır. Yəni depressiya insanın normal hesab etdiyi vəziyyətin ümumi şəkildə dəyişməsi ilə müşayiət olunur”.
Psixoterapevt, bu problemdən çıxış yolunun vəziyyətin dərinliyinə bağlı olduğunu bildirib : ” Depressiyadan çıxış yolu isə vəziyyətin ağırlıq dərəcəsindən asılıdır. Yüngül hallarda insan müəyyən dərəcədə öz resurslarından istifadə edərək, həyat tərzini dəyişməklə, sosial dəstək alaraq və özünü daha yaxşı anlamağa çalışaraq vəziyyəti yüngülləşdirə bilər. Lakin orta və ağır depressiya hallarında peşəkar psixoloji və tibbi dəstək vacibdir. Bu, psixoterapiya və lazım gəldikdə dərman müalicəsini əhatə edə bilər. Xüsusilə suisidal düşüncələr mövcuddursa, bu zaman stasionar müalicə qaçınılmaz olur.
Bəzi hallarda depressiya açıq şəkildə özünü göstərmir. Latent və ya maskalanmış formada olduqda insan öz hisslərini həyatdakı uğursuzluqlarla əlaqələndirir və ya ətrafına normal göründüyünü göstərməyə çalışır. Bu isə problemin vaxtında aşkar edilməsini çətinləşdirir”.
Pərvin Hacıyeva

















