İrəvanda bir qrup Qarabağ ermənisi Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Aksiyaya səbəb Qarabağda doğulmuş Ermənistan vətəndaşlarının yeni biometrik pasportlarında doğum yeri kimi “Azərbaycan” sözünün qeyd edilməsidir.
Zefer.media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Ermənistan vətəndaşlığı almış Qarabağdan olan köçkünlərə verilən yeni biometrik sənədlərin “Doğulduğu yer” bölməsində “Azərbaycan” yazılır. Etirazçılar bu qeydə qarşı çıxaraq pasportlarda “Artsax” ifadəsinin göstərilməsini tələb edirlər.
Ermənistan Daxili İşlər Nazirliyi isə qərarı beynəlxalq standartlarla əsaslandırır. Nazirliyin mövqeyinə görə, doğum yerinin pasportda qeyd olunması zamanı müvafiq beynəlxalq qaydalar və ərazi adlarının tanınmış statusu əsas götürülür.
Beləliklə, pasportlarda doğum yerinin necə göstərilməsi məsələsi Ermənistanda siyasi və ictimai müzakirələrə səbəb olub.




