Prezident İlham Əliyevin Naxçıvana səfəri sıradan bir səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın siyasi, iqtisadi və strateji həyatında xüsusi yer tutduğunu bir daha göstərir.
Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi, dövlətçilik tariximizin mühüm ünvanlarından biridir. Bu qədim diyarın inkişafı, təhlükəsizliyi və ölkənin digər bölgələri ilə əlaqələrinin daha da gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentin Naxçıvana səfəri də bu diqqətin davamı kimi mühüm siyasi məna daşıyır.
Bu səfər həm də Naxçıvanda idarəçilik məsuliyyəti daşıyan şəxslər üçün də ciddi mesajdır. Ötən illərin idarəçilik təcrübəsindən, yol verilmiş nöqsanlardan, yarıtmazlıqdan və cəmiyyətin narazılığına səbəb olan hallardan nəticə çıxarılmalıdır. Yeni mərhələdə əsas meyar vətəndaşa xidmət, qanunun aliliyi, şəffaflıq, məsuliyyət və dövlətə sədaqət olmalıdır.
Naxçıvanın inkişafı yalnız böyük layihələrlə deyil, həm də düzgün, ədalətli və səmərəli idarəçiliklə mümkündür.
Bu gün Naxçıvan qarşısında yeni imkanlar açılır. Nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi potensialın artırılması, yeni investisiyaların cəlb olunması və insanların rifahının yüksəldilməsi bölgənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Naxçıvanın regional nəqliyyat və iqtisadi layihələrdə rolunun artması onun strateji əhəmiyyətini daha da gücləndirir.
Prezidentin səfəri Naxçıvan sakinlərinə də mühüm bir mesajdır: Naxçıvan Azərbaycanın diqqət mərkəzindədir və bu bölgənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
İndi əsas məsələ yeni mərhələnin tələblərinə uyğun işləmək, keçmişin səhvlərindən nəticə çıxarmaq və Naxçıvanın potensialını xalqın rifahına yönəltməkdir. Güclü Azərbaycan üçün güclü Naxçıvan, inkişaf edən Naxçıvan isə Azərbaycanın regional mövqelərinin daha da möhkəmlənməsi deməkdir.
Əpoş Vəliyev
Filologiya üzrə fəlsəfə doktoru

















