Hərbi xidmətdən yayınanlara qarşı qaydaların sərtləşdirilməsi son dövrlərdə cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir. Dövlət qurumları bu addımın gənclərin vətən qarşısında konstitusion borclarını yerinə yetirməsini təmin etmək və ölkənin müdafiə qabiliyyətini daha da gücləndirmək məqsədi daşıdığını bildirirlər.
Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmətdən yayınmaya qarşı qaydaların ciddiləşdirilməsinin vacib sayıldığını qeyd edib:

“Hərbi xidmətdən boyun qaçanlara qarşı qaydaların sərtləşdirilməsi zəruri addımdır. Çünki hərbi xidmətdən yayınmaq faktiki olaraq vətən qarşısında konstitusion borcu yerinə yetirməkdən imtina etmək deməkdir. Hər bir vətəndaşın öz vətənini qorumaq məsuliyyəti və öhdəliyi var. Bu səbəbdən hərbi xidmətdən boyun qaçanlara şəxsi münasibətim mənfidir və hesab edirəm ki, belə şəxslər yaşadıqları ölkənin suyundan, havasından və çörəyindən faydalanmağa mənəvi baxımdan haqq qazandırmırlar.
Ölkənin müdafiə qabiliyyətinə təsiri məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər müəyyən problemlər yaradırlar. Əlbəttə, belə halların olmaması daha məqsədəuyğun olardı. Lakin buna baxmayaraq, indiyədək çağırış planının yerinə yetirilməməsi ilə bağlı fakt eşidilməyib. Hər il üç aydan bir olmaqla dörd dəfə çağırış aparılır və bu çağırışlar zamanı plan tam şəkildə yerinə yetirilir. Beləliklə, güc strukturlarının – Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların şəxsi heyətə olan tələbatı təmin olunur”.
Ekspert, bu addımın cəmiyyət və gənclər üçün tərbiyəvi əhəmiyyət daşıyacağını bildirib:
“Qaydaların sərtləşdirilməsi cəmiyyət və gənclər üçün mühüm tərbiyəvi əhəmiyyət daşıyır. Əgər bir gənc hərbi xidmətdə olmayıbsa, onun hər hansı bir sahədə rahat şəkildə işləməsi və imkanlardan istifadə etməsi məsələsinə də ciddi yanaşılmalıdır. Ehtimal olunur ki, bu istiqamətdə də müəyyən dəyişikliklər ediləcək və belə şəxslər öz məsuliyyətlərini daha aydın şəkildə dərk edəcəklər. Gənclər vətən qarşısında əsgəri xidmət borcunu yerinə yetirməyə can atmalıdırlar.
Hərbi xidmətdən yayınanlara qarşı qaydaların sərtləşdirilməsinin əsas səbəblərindən biri də ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə də 44 günlük müharibədən sonra, döyüşlərdə real rolu olmayan bəzi şəxslər ön plana çıxmağa və özlərini qəhrəman kimi təqdim etməyə çalışırdılar. Təbii ki, belə hallara yol vermək olmaz.
Əgər hərbi xidmətdən yayınanlara qarşı qaydalar sərtləşdirilirsə, bu o deməkdir ki, həmin şəxslər barəsində cərimələr tətbiq ediləcək, həmçinin İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri qüvvəyə minəcək. Bu da onların başa düşməsinə səbəb olacaq ki, hər bir vətəndaş öz xidmət borcunu mütləq yerinə yetirməlidir”.
Hərbi analitik, təsdiqlənmiş qərarların ölkənin müdafiəsini gücləndirəcəyinə inandığını vurğulayıb : ” Qəbul edilən qərarların ölkənin müdafiə gücünə müsbət təsir göstərəcəyi şübhəsizdir. Eyni zamanda insanlar bu xoşagəlməz hallardan uzaq durmağa çalışacaq, hərbi xidmətə yollanacaq və xidmətin tələblərini layiqincə yerinə yetirəcəklər.
Hesab edirəm ki, hərbi xidmətdən boyun qaçıranlara qarşı ictimai qınaq da formalaşmalıdır. Hətta belə hallarla bağlı məhkəmə araşdırmalarının açıq və ictimai şəkildə aparılması digərləri üçün də nümunə və xəbərdarlıq ola bilər.
Cəmiyyətdə və gənclər arasında da belə bir düşüncə formalaşmalıdır ki, hərbi xidmətdə olmayan və xidmət borcundan yayınan şəxslərə münasibət mənfi olsun. Məsələn, belə şəxslərə ailə qurmaq məsələsində də etimad göstərilməməsi fikri ortaya çıxa bilər. Çünki vətən qarşısında borcunu yerinə yetirməyən bir insanın sabah ailə qarşısındakı məsuliyyətini də lazımi şəkildə yerinə yetirməyəcəyi düşünülə bilər.
Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məlumatları ona görə yayır ki, aprelin 1-dən növbəti çağırış dövrü başlayacaq. Çağırış yaşı tamam olmuş, bakalavr və ya magistratura pilləsində təhsil almayan, eləcə də 30 yaşına qədər olan gənclər vətən qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirməlidirlər”.
Sonda Ü.Cəfərov gənclərin hərbi xidmətə yollanaraq vətən qarşısındakı borclarını layiqincə yerinə yetirəcəyini, xidmətlərini başa vurduqdan sonra isə sağ-salamat şəkildə ailələrinin və doğmalarının yanına qayıdacaqlarını ümid etdiyini bildirib.
Pərvin Hacıyeva

















