20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində tədbir keçirilib.
Zefer.media xəbər verir ki, tədbirdə Eskişehir Odunpazarı Bələdiyyəsinin sədri Kazım Kurt, İstanbul Çatalca Bələdiyyəsinin sədri Erhan Güzel, Eskişehir Azərbaycan Dərnəyinin sədri Cavid Aydın, Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Birliyin İdarə Heyətinin sədri Bəhruz Məmmədzadə 19 sentyabr 2023-cü il antiterror əməliyyatı və Dövlət Suverenliyi Günü barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Birliyin Yasamal rayon filialının sədri, XTQ mənsubu Şamxal Ağayev və qazi Cümşüd Hüseynov 44 günlük Vətən müharibəsində və digər döyüş əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıblar.
Eskişehir Odunpazarı Bələdiyyəsinin sədri Kazım Kurt çıxışında Azərbaycan xalqının Qarabağın işğaldan azad olunması uğrunda mübarizəsinə toxunaraq, şəhid və qazilərimizin fədakarlığına hörmət və ehtiramını ifadə edib.
Çatalca Bələdiyyəsinin sədri Erhan Güzel isə Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və Azərbaycana səfəri zamanı qazandığı xoş təəssüratları iştirakçılarla bölüşüb.
Tədbir Azərbaycan milli musiqisinin və muğam sənətinin ifası ilə davam edib.
Tədbir Birliyin fəxri üzvü, Türkiyəli iş adamı Okan Aktaşın dəstəyi ilə həyata keçirilib.


















