Zefer.media xəbər verir ki, bu barədə Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICBL) yayımladığı “Landmine Monitor 2026” adlı illik hesabatda bildirilib.
Hesabata əsasən, ötən il mina və digər partlayıcı sursatların partlaması nəticəsində azı 6 929 nəfər ölüb və ya yaralanıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 10 faiz çoxdur. Qurbanlardan təxminən 2 mini həyatını itirib.
Məlumata görə, ölən və yaralananların 84 faizini mülki şəxslər təşkil edib. Yaşı müəyyən edilən qurbanların isə təxminən yarısı uşaqlardır.
2025-ci ildə mina və partlamamış sursatlarla bağlı ölüm və yaralanma halları 54 ölkə və ərazidə qeydə alınıb.
Ən çox qurban Myanmada qeydə alınıb. Bu ölkədə 1 891 nəfər mina partlayışlarının qurbanı olub. Suriya isə 1 602 nəfərlə ikinci yerdə qərarlaşıb.
Hesabatda açıqlanan rəqəmlər mina təhlükəsinin münaqişələrdən zərər çəkmiş ərazilərdə mülki əhali, xüsusilə də uşaqlar üçün ciddi təhlükə olaraq qaldığını göstərir.




