“Dream Fest”in təşkilatçıları qonaqlar üçün yeni musiqi premyeraları, beynəlxalq əməkdaşlıqlar və geniş tədbirlər proqramı hazırlayırlar.
Zefer.media AZƏRTAC – a istinadən xəbər verir ki, bu barədə “Sea Breeze”in təsisçisi Emin Ağalarov festivala həsr olunmuş brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu il tamaşaçılar çoxlu sayda gözlənilməz duetlərin şahidi olacaqlar.
E.Ağalarov bildirib ki, premyeralardan biri “Voice of Enigma” kimi tanınan vokalçı Endryu Donalds ilə birgə ifa edəcəyi yeni kompozisiya olacaq.
Bundan başqa, daha əvvəl JONY ilə birgə ifa olunan “Kamin” mahnısının ingilis dilində versiyası hazırlanıb və o da tamaşaçılara təqdim ediləcək. Festivalın ərazinin inkişafına təsirindən danışan E.Ağalarov qeyd edib ki, “Dream Fest” “Sea Breeze”in beynəlxalq istirahət və əyləncə məkanı kimi tanıdılması baxımından mühüm rol oynamaqda davam edir. Onun sözlərinə görə, bu mövsüm turist axınının artacağı gözlənilir. Bu artımın xarici qonaqlar və kompleks ərazisində daşınmaz əmlak sahibləri hesabına da baş verəcəyi bildirilir. Bununla əlaqədar olaraq çimərlik və ictimai infrastrukturun genişləndirilməsi davam etdirilir, yeni restoranlar açılır, istirahət və ailəvi asudə vaxt üçün nəzərdə tutulan məkanlar inkişaf etdirilir.
E.Ağalarov bildirib ki, “Sea Breeze” konsepsiyası əyləncə, idman, rahat yaşayış və tədbirlər proqramını özündə birləşdirir, bu konsepsiyanın əsas mərkəzi isə “Dream Fest”dir.

















