Yay fəslində təbii olaraq çoxumuz çimərliklərə gedirik. Üzmək, günəş vannası qəbul etmək, dənizin qumundan və suyundan faydalanmaq istəyirik. Lakin təhlükəsizlik qaydalarını görməzdən gəldikdə istirahətimiz kabusa çevrilir. O anda sanki dənizin mavi çaları qara rəngə bürünür.
Bəli, belə demək mümkünsə, hər gün dənizdə batma, boğulma kimi ürəkağrıdıcı hadisələr eşidirik, günlərlə itkin düşənlər də az deyil.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Zefer.media-ya açıqlamasında deyir ki, əsas səbəb təkcə üzməyi bacarmamaq yox, riskin düzgün idarə edilməməsidir:
“Yayda çimərliklərdə insan sıxlığı artır, nəzarətsiz və əksər şəxslər çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olurlar, qadağan edilmiş sərhədləri keçirlər. Külək, dalğa, sualtı və güclü axıntıları nəzərə almırlar. Spirtli içki, uşaqların nəzarətsiz qalması və sağlamlıq imkanlarının düzgün qiymətləndirilməməsi önəmli problemlərdəndir. Xilasetmə xidmətlərinin olduğu yerləri seçə bilmək də vacib nüansdır. Həmçinin, bəzi yerlərdə təhlükəsizlik nişanları qalsa da, bir çoxunda həmin nişanlar digər şəxslər tərəfindən ya da təbii faktorlar nəticəsində yararsız hala düşüb və sözügedən ərazilərdə onlara rast gəlməmək mümkün olur”.

Ekspert vurğulayıb ki, bədbəxt hadisələrin qarşısını almaq üçün çimərliklərdə mövsümdən əvvəl və gündəlik risk dəyərləndirilməsi aparılmalıdır:
“Bunu həm müvafiq qurumlar, həm də vətəndaşlar həyata keçirməlidirlər. Suyun dərinliyi, sualtı çuxurlar, daşlar, kəskin dərinləşmə, təhlükəli axınlar müəyyənləşdirilməlidir. Habelə tanımadığımız ərazilərdə çimməyimiz məsləhətli deyil. Təhlükəsiz üzmə zonasını şamandıralarla ayırmalı, qayıq və su nəqliyyatı o zonalara buraxılmamalıdır. Külək, dalğa və görünüşü uyğun yaşıl, sarı, qırmızı xəbərdarlıq sistemi tətbiq edilməli, təhlükəli şəraitdə suya giriş fiziki olaraq bağlanmalıdır. Müşahidə qülləsi və fasiləsiz nəzarət edən təlim keçmiş xilasedicilər orada yer almalıdırlar. O cümlədən xilasetmə dairəsi və kəndiri, atma torbası, xilasetmə lövhəsi motorlu vasitələr, rabitə cihazları, ilk yardım çantaları və s. hazır vəziyyətdə saxlanmalıdır”.
Zərintac Mayisqızı

















