BƏƏ Prezidenti Məhəmməd bin Zayed 2023-cü il 7 oktyabr hücumundan təxminən 10 gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya HƏMAS lideri Yəhya Sinvarın İsrailə qarşı genişmiqyaslı əməliyyat hazırladığını bildirib.
Zefer.media “Haaretz”ə istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Netanyahu HƏMAS-ın diqqətini İordan çayının Qərb sahilinə yönəltdiyini deyərək İsrailin istənilən ssenariyə hazır olduğunu bildirib.
Daha sonra bin Zayed oxşar xəbərdarlığı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsa da çatdırıb və “orada nəsə baş vermək üzrədir” deyib.
“Haaretz” yazır ki, Netanyahu bu xəbərdarlıq barədə ŞABAK, “Mossad” və İsrail Müdafiə Ordusunun rəhbərlərini məlumatlandırmayıb. Bəzi yüksək rütbəli hərbçilər bu məlumatın HƏMAS-ın niyyətlərinin qiymətləndirilməsinə təsir göstərə biləcəyini düşünür.
Netanyahunun ofisi isə Baş nazirin belə bir xəbərdarlıq almadığını bildirərək nəşrin məlumatını “tamamilə yalan” adlandırıb.
Aytən Yalçınqızı

















