Litva Belarusdan uçduğu iddia edilən PUA ilə bağlı hava hücumu həyəcanı elan edib, bu barədə ölkə mətbuatı məlumat yayıb.
“Paytaxt hava limanı müvəqqəti olaraq bağlanıb və İqnalin sərhəd bölgəsindəki uşaqlar sığınacaqlara yerləşdirilib”, – məlumatda qeyd olunub.
NATO qırıcılarının havaya qaldırıldığı bildirilib.
Belarus ərazisindən Litvaya dronun daxil olması ilə bağlı xəbərlər NATO ölkələrində ciddi narahatlıq yaradıb. Hadisə hava məkanının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib və regionda gərginliyin artdığını göstərir. Hazırda insidentin səbəbləri araşdırılır.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Belarus ərazisindən Litvaya dron daxil olması ölkədə ciddi narahatlıq və panika yaradıb:
“Bütün bunlar son vaxtlar Rusiya ilə NATO arasında gərginliyin davam etdiyini göstərir və bu prosesdə Belarusun da iştirak etdiyi ehtimal olunur. Dronun Belarusdan məqsədli şəkildə göndərilib-göndərilməməsi, yoxsa təsadüfi bir insident olması hələlik dəqiq deyil. Lakin NATO-nun bu hadisəyə ciddi reaksiya verdiyi və bunun Belarus üçün bir xəbərdarlıq xarakteri daşıdığı görünür. Bu, həm də onu göstərir ki, baş verənlər artıq təkcə Belarus və Litvanı deyil, bütövlükdə NATO-nu narahat edir. NATO üzv ölkələrinə qarşı hər hansı təhlükə yarandıqda, istər Rusiya, istərsə də Belarus tərəfindən olsun, Alyans dərhal reaksiya verməyə hazırdır və bunu da nümayiş etdirir”.

Həmçinin politoloq hadisənin araşdırıldığını da diqqətə çatdırıb:
“Dronun məqsədli, yoxsa səhvən göndərildiyi barədə Belarus tərəfindən də açıqlama veriləcəyi gözlənilir. Son dövrlərdə isə Belarus ərazisindən Rusiyanın həm Ukraynaya hücum etdiyi, həm də Avropa ölkələrinə qarşı istifadə olunduğu ilə bağlı məlumatlar yayılır.Eyni zamanda, bəzi məlumatlara görə, Latviya və Estoniya ərazilərindən də Ukrayna dronlarının Rusiya ərazisinə keçməsi halları qeydə alınıb. Hətta Ukraynanın Latviya ərazisindən Rusiyaya hücum planları ilə bağlı iddialar da səslənir. Bütün bunlar Avropa–Rusiya cəbhəsində gərginliyin artdığını və istənilən an daha ciddi qarşıdurma riskinin mövcud olduğunu göstərir. Təəssüf ki, bu prosesdə Belarusun da iştirak riski kifayət qədər yüksək görünür. NATO isə üzv ölkələrin sərhədlərini və şəxsi heyətini ciddi şəkildə qoruyur, vəziyyəti həssaslıqla izləyir və mümkün təhdidlərə dərhal reaksiya verir. Bu da göstərir ki, NATO həm güclü, həm də yüksək dərəcədə ehtiyatlı davranır. Həmin gərginlik isə gələcəkdə daha geniş qarşıdurma riskini istisna etmir”.
Qəmər Kazımzadə

















