Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevlə görüş zamanı Qazaxıstan-Azərbaycan əməkdaşlığının nəqliyyat-logistika sahəsindəki hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Zefer.media xəbər verir ki, bu haqda Qazaxıstanın diplomatik nümayəndəliyi bildirib.
“Görüş zamanı iki ölkə arasında və regionda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində nəqliyyat əlaqəliliyinin strateji rolu qeyd olunub, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin artırılması istiqamətində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda vurğulanıb.
Birgə layihələrin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Belə ki, Səfir A. Bayel Azərbaycan tərəfinə 2024-cü ildə dövlət başçılarının iştirakı ilə Ələt limanında birgə intermodal terminalın inşası ilə bağlı razılaşma əldə olunduğunu xatırladıb.
“Azərbaycan tərəfi bildirib ki, hazırda Bakı limanının inkişafı üzrə baş planın yenilənməsi başa çatmaq üzrədir və bundan sonra qeyd olunan intermodal terminalın tikintisinə başlanılması gözlənilir”, – məlumatda qeyd olunub.
Diplomat həmçinin iki ölkə prezidentlərinin Qazaxıstanın Azərbaycanda istehsal olunan gəmiləri, Azərbaycanın isə bunun müqabilində Qazaxıstanda istehsal olunan lokomotivləri satın alacağına dair razılaşmasını vurğulayıb.
Qazaxıstan artıq öz ehtiyacları üçün iki quru yük gəmisinin inşası məqsədilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də sifariş yerləşdirib. Bu çərçivədə Ş. Babayev yaxın vaxtlarda Qazaxıstan istehsalı olan lokomotivlərin satın alınması imkanına baxılacağını vəd edib. Daha əvvəl, 2015-2022-ci illərdə Qazaxıstan Azərbaycanın ehtiyacları üçün 50 ədəd lokomotiv tədarük edib.
Görüşün yekunlarına əsasən, tərəflər iki ölkənin nəqliyyat-kommunikasiya potensialının gələcəkdə inkişaf etdirilməsində və Avrasiyanın əsas tranzit qovşaqları kimi rollarının möhkəmləndirilməsində qarşılıqlı maraqlarını təsdiqləyiblər.

















