Avropa Komissiyası “Meta”nın uşaq təhlükəsizliyi ilə bağlı tətbiqlərinin Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticələrdən sonra şirkətə qarşı sanksiya prosesini sürətləndirib.
Zefer.media “TRT Xəbər”ə əsasən bildirir ki, tənzimləyicilər “Facebook” və “İnstagram” platformalarında yetkinlik yaşına çatmayan istifadəçilərin qorunması üçün kifayət qədər tədbirlərin görülmədiyini iddia edir. Sorğulamanın mərkəzində “Meta”nın 13 yaş məhdudiyyətini tətbiq etmə üsulu dayanır. Aİ tənzimləyiciləri bildirir ki, uşaqlar hesab yaradarkən yaş yoxlamalarını asanlıqla keçə bilirlər.
Bundan əlavə, yetkinlik yaşına çatmayan istifadəçilər üçün şikayət mexanizminin həddindən artıq mürəkkəb olduğu və bunun da hüquqi tələbləri təsirsiz hala gətirdiyi qeyd olunur.
Aİ tərəfindən paylaşılan məlumatlara görə, birlik üzrə 13 yaşdan kiçik uşaqların təxminən 10-12 faizi hələ də Facebook və ya İnstagram istifadə edir. Mütəxəssislər sosial media istifadəsinin gənc istifadəçilər üzərində psixoloji sağlamlıq və təhlükəsizlik risklərini artırdığına dair elmi araşdırmaların mövcud olduğunu vurğulayır.
Aİ “Meta”dan aşkarlama alətlərini gücləndirməyi, doğrulama sistemlərini təkmilləşdirməyi və yetkinlik yaşına çatmayan istifadəçilərə aid hesabları daha sərt şəkildə silməyi tələb edir.
“Meta” iddiaları rədd edərək platformalarının 13 yaş və yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu vurğulayır. Şirkət yetkinlik yaşına çatmayan istifadəçilərə aid hesabları aşkarlamaq və silmək üçün artıq avtomatik sistemlərdən istifadə etdiyini və bu texnologiyalara investisiya qoymağa davam etdiyini bildirir.
“Meta” həmçinin uşaqların qorunmasını gücləndirmək məqsədilə yeni təhlükəsizlik funksiyalarının gələcək yeniləmələrlə təqdim olunacağını açıqlayıb.
Lalə Qurbanlı

















