Banner

 Fırıldaqçılara qarşı görünməmiş əməliyyat: ABŞ 8 milyard dolları geri qaytardı

25 Noyabr 2026, 11:000
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ hüquq-mühafizə orqanları bu ilin mart ayından etibarən müxtəlif dələduzluq sxemləri nəticəsində vurulmuş 8 milyard dollardan çox zərəri geri qaytarıb. Ölkə üzrə keçirilən əməliyyatlar çərçivəsində 800-dən çox şübhəli şəxs barəsində ittiham irəli sürülüb.

Zefer.media xəbər verir ki, “Fox News”un məlumatına görə, bu barədə ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş noyabrın 24-də Ədliyyə Nazirliyinin saxtakarlıqla mübarizə kampaniyasının nəticələrini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, Prezident Donald Trampın martın 6-da kibercinayətkarlıq və dələduzluqla mübarizəyə dair sərəncam imzalamasından sonra federal prokurorlar 85 federal dairədə 400-dən çox cinayət işi açıblar. İstintaqlar nəticəsində bir sıra şəxslər barəsində ittihamlar irəli sürülüb, şübhəlilər ekstradisiya edilib, təqsirləndirilən şəxslərə hökmlər çıxarılıb.

“Biz yalnız ayrı-ayrı fırıldaqçıların deyil, həm də amerikalıları uzun illərdir soyan cinayətkar şəbəkələrin ardınca gedirik”, – Blanş mətbuat konfransında deyib.

FTB direktoru Keş Patel isə xaricdə fəaliyyət göstərən dələduzluq şəbəkələrinə qarşı keçirilən beynəlxalq “Blackout” əməliyyatının nəticələrini açıqlayıb. Onun sözlərinə görə, ABŞ hüquq-mühafizə orqanları və xarici tərəfdaşları təxminən 17 milyard dollar dəyərində qanunsuz vəsaiti ələ keçirib və ya bloklayıb. Əməliyyat zamanı 14 mindən çox rəqəmsal cihaz müsadirə edilib, dörd qitədə fəaliyyət göstərən 29 cinayətkar mərkəz bağlanıb.

Məlumata görə, həmin mərkəzlərdə insan alverinin qurbanları onlayn dələduzluq sxemlərində iştirak etməyə məcbur edilirmiş. Birgə əməliyyatlar nəticəsində 2 200-dən çox insan azadlığa buraxılıb.

ABŞ və Meksikanın hüquq-mühafizə orqanları bir milyondan çox yaşlı amerikalının şəxsi məlumatlarını beynəlxalq cinayətkar qruplara satmaqda şübhəli bilinən şəxsin ekstradisiyasına da nail olublar. İstintaqın versiyasına görə, həmin məlumatlardan istifadə edilməklə həyata keçirilən dələduzluq sxemləri qurbanlara azı 15 milyon dollar zərər vurub.

Afrikada keçirilən digər birgə əməliyyat zamanı isə 28 nəfər saxlanılıb, 11 milyon dollar dəyərində aktiv müsadirə edilib. Dələduzluq fəaliyyətinə məcbur edilən 120 nəfər də azadlığa çıxarılıb.

Bundan başqa, ABŞ hakimiyyət orqanları “Facebook” və “Instagram” platformalarında 3,7 milyon saxta hesabı ləğv edib.

FTB-nin ABŞ Məxfi Xidməti ilə birgə həyata keçirdiyi “Səviyyəni yüksəltmə” əməliyyatı da diqqət çəkib. Bu tədbirlər nəticəsində 11 min amerikalının dələduzluq səbəbindən itirə biləcəyi təxminən 700 milyon dolların qarşısı alınıb. Keş Patelin sözlərinə görə, həmin şəxslərin 77 faizi fırıldaqçıların hədəfinə çevrildiklərindən xəbərsiz olublar.

ABŞ rəsmiləri bildirirlər ki, kampaniyanın əsas məqsədi təkcə dələduzluq nəticəsində itirilmiş vəsaitləri geri qaytarmaq deyil, həm də beynəlxalq cinayətkar şəbəkələrin maliyyə və texniki imkanlarını sıradan çıxarmaqdır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600