Müəmmər Qəddafi haqqında illərdir dolaşan ən maraqlı iddialardan biri onun əsl atasının liviyalı bədəvi deyil, fransalı hərbi pilot Albert Preziosi olmasıdır. Bu əhvalatın ən diqqətçəkən tərəfi isə 2011-ci ildə Fransanın Qəddafiyə qarşı hərbi əməliyyatlarda istifadə etdiyi aviabazalardan birinin məhz həmin pilotun adını daşımasıdır. Bəs bu iddianın nə qədəri həqiqətdir?
Müəmmər Məhəmməd Əbu Minyar əl-Qəddafi 1942-ci il iyunun 7-də Liviyanın Sirt şəhəri yaxınlığında bədəvi ailəsində dünyaya gəlib. O, 1969-cu il sentyabrın 1-də hərbi çevriliş nəticəsində Kral I İdrisi hakimiyyətdən uzaqlaşdıraraq ölkənin idarəçiliyini ələ keçirib.
Qəddafi 42 il ərzində Liviyanı idarə edib. Hakimiyyəti dövründə ölkədə neft gəlirləri hesabına geniş sosial və iqtisadi layihələr həyata keçirilsə də, onun idarəçiliyi siyasi repressiyalar, müxalifətin sıxışdırılması və insan hüquqlarının pozulması ilə də yadda qalıb.
2011-ci ildə ölkədə başlayan üsyan və NATO-nun hərbi müdaxiləsindən sonra hakimiyyətini itirən Qəddafi oktyabrın 20-də Sirt şəhəri yaxınlığında öldürülüb.
Preziosi İkinci Dünya müharibəsi zamanı Fransanın Azad Fransa Hərbi Hava Qüvvələrində xidmət edib. O, Şimali Afrika cəbhəsində, o cümlədən Liviya səmasında döyüşən fransız aviasiya qüvvələrinin tərkibində olub.
Əfsanəyə görə, 1941-ci ildə onun idarə etdiyi təyyarə Liviya səmasında vurulub və pilot səhraya məcburi eniş etməli olub. Onu Senussi qəbiləsinə mənsub bədəvilər xilas ediblər.
İddianın davamına əsasən, Preziosi bədəvilərin yanında olduğu müddətdə yerli dul qadınla münasibət qurub. Bu münasibətdən 1942-ci ildə Müəmmər Qəddafi dünyaya gəlib.
Lakin bu hekayənin ən vacib məqamı odur ki, Qəddafinin Preziosinin oğlu olduğunu təsdiqləyən etibarlı tarixi sənəd, genetik sübut və ya başqa mötəbər dəlil yoxdur. İddia əsasən pilotun Liviya ilə bağlı hərbi fəaliyyəti və Qəddafi ilə zahiri oxşarlığı üzərində qurulub.
Albert Preziosi daha sonra Sovet İttifaqına göndərilib və Fransa pilotlarından təşkil olunmuş Normandiya-Neman aviasiya birliyində xidmət edib.
O, 1943-cü il aprelin 5-də ilk hava qələbəsini qazanıb. Həmin il iyulun 28-də isə SSRİ ərazisində, Karaçev yaxınlığında alman təyyarələri ilə döyüş zamanı yoxa çıxıb. Onun cəsədi tapılmayıb.
Preziosi cəmi 28 yaşında həyatını itirib. O, Fransa hərbi aviasiyasının İkinci Dünya müharibəsindəki tanınmış pilotlarından biri hesab olunur.
Liviyada Qəddafi hakimiyyətinə qarşı üsyan başlayanda Fransa NATO-nun hərbi əməliyyatlarında fəal iştirak edirdi. Fransa hərbi aviasiyasının istifadə etdiyi Korsikadakı 126-cı aviabaza isə Albert Preziosinin adını daşıyırdı.
Həmin aviabaza Solenzara şəhəri yaxınlığında yerləşir və rəsmi olaraq Base aérienne 126 «Capitaine Preziosi» adlanır.
Beləliklə, tarixdə qəribə bir paralel ortaya çıxır: Qəddafinin əsl atasının fransalı pilot olması barədə sübuta yetirilməmiş əfsanə mövcuddur, 2011-ci ildə isə onun hakimiyyətinə qarşı əməliyyatlarda istifadə edilən Fransa aviabazası həmin pilotun adını daşıyırdı.
Amma vacib məqamı unutmaq olmaz: Qəddafi ilə Albert Preziosi arasında ata-oğul münasibətinin olması təsdiqlənməyib. Bu, tarixi fakt deyil, maraqlı, lakin sübuta yetirilməmiş bir əfsanədir.
Qoşqar Salmanlı




