Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla görüşə və ABŞ-də keçiriləcək Milli Dua Səhər Yeməyinə dəvət olunub.
Ermənistan mətbuatının məlumatına görə, bu barədə Paşinyanın ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş məsləhətçisi Arye Laytstounla görüşündə bildirilib.
Görüş zamanı Paşinyan Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, bu gün praktiki icrasına başlanılan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin iki ölkə arasındakı əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.
Ermənistanın baş naziri ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafı istiqamətindəki rolunu xüsusi vurğulayıb.
Öz növbəsində Arye Laytstoun Nikol Paşinyana ABŞ-də keçirilən Milli Dua Səhər Yeməyində iştirak etmək və Prezident Donald Trampla görüşmək üçün rəsmi dəvətnamə təqdim edib.
ABŞ rəsmisinin baş məsləhətçisi bu görüşün Ermənistan-ABŞ münasibətlərinin daha da inkişafına yeni təkan verəcəyini bildirib.
Tərəflər görüşdə, həmçinin regionda baş verən prosesləri və son hadisələri müzakirə edərək fikir mübadiləsi aparıblar.




