Xarici xəbərlər

 Ermənistanın yeni Konstitusiya layihəsi: Baş nazir yalnız deputatlar arasından seçiləcək

23 Noyabr 2026, 13:321
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın yeni Konstitusiya layihəsində baş nazir vəzifəsinə namizədliklə bağlı mühüm dəyişiklik nəzərdə tutulur. Layihəyə əsasən, ölkənin baş naziri parlament çoxluğunu təşkil edən siyasi qüvvənin deputatları arasından seçilməlidir.

Zefer.media xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Layihədə qeyd olunur ki, baş nazir vəzifəsinin boşalması halında yeni namizəd də mütləq parlament üzvü olmalıdır. Eyni zamanda, səlahiyyətləri müvəqqəti dayandırılmış hökumət üzvlərinin də baş nazirliyə namizədliyi mümkündür.

Ermənistan hökuməti bu dəyişikliyi baş nazir ilə parlament çoxluğu arasında siyasi əlaqənin təmin edilməsi zərurəti ilə əsaslandırır.

Yeni Konstitusiya layihəsində hökumətin formalaşdırılması qaydalarına da dəyişikliklər təklif olunur. Belə ki, hökumət üzvlərinin ən azı üçdə ikisi təyin edildikdən sonra kabinet formalaşmış hesab ediləcək. Bu isə bəzi nazir vəzifələri boş qalsa belə, hökumətin fəaliyyətə başlamasına imkan verəcək.

Bundan başqa, layihədə baş nazir müavinlərinin və nazirlərin sayına maksimum hədd qoyulması nəzərdə tutulmur.

Sənəddə hökumətin iclaslarının, bir qayda olaraq, açıq keçirilməsi də təklif edilir. Qapalı iclaslara isə yalnız qanunvericilikdə nəzərdə tutulan xüsusi hallarda icazə veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan Ermənistan Konstitusiyasına əsasən, baş nazir olmaq üçün namizədin mütləq deputat olması tələb edilmir. Yeni layihə isə bu imkanı yalnız parlament üzvləri ilə məhdudlaşdırır.

Bu dəyişiklik Ermənistanın siyasi gündəmində də diqqət çəkən məqamdır. Belə ki, “Güclü Ermənistan” partiyası seçki kampaniyası çərçivəsində Samvel Karapetyanı ölkənin gələcək baş naziri kimi təqdim edib. Yeni müddəanın qəbul edilməsi halında parlamentdən kənar şəxslərin baş nazir vəzifəsinə namizədliyi mümkün olmayacaq.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini təqdim edib. Sənəd ictimaiyyətin tanış olması üçün xüsusi yaradılmış internet səhifəsində dərc olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600