O, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib.
Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.
“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin…”, – paylaşımda deyilir.
Ada Süleyman hadisədən bir neçə saat əvvəl sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
“Əzizlərim, bu, bir doğum günü deyil. Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı. Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir.
Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram. Sevgilərlə, Sizin Ada”, – deyə o son paylaşımında qeyd edib.
Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada həyatını itirən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub.




