AK Partiyanın azərbaycanlı siması, Gənclik Qolları MKYK üzvü və Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr müavini Babək Novruzov Şuşada keçirilən tarixi görüşlə bağlı bəyanat verib.
Zefer.media xəbər verir ki, Novruzov açıqlamasında aşağıdakı ifadələrə yer verib:
Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və möhtərəm Prezident cənab İlham Əliyev Qarabağımızın ürəyi Şuşadan bir daha qardaşlığımızı bütün dünyaya “ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ” şüarı ilə güclü şəkildə hayqırmışlar!
Hər iki liderimizin mesajı açıq və konkretdir: Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır!
Sözün qısası, aramıza girmək, qardaşlığımıza kölgə salmaq istəyənlərin oyunları bir daha iflasa uğramış, bu niyyətlərin arxasınca gedənlər bir daha məyus olmuşlar. Bundan sonra da məyus olmağa davam edəcəklər!
Belə ki, bu gün Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan:
“Qardaşlığımızı zəiflətmək istəyənlər öz məqsədlərinə əsla nail ola bilməyəcəklər”, “Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə gələcəyimizə işıq tutan sönməz bir məşəldir”, – deyə qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə:
“Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır. Dəfələrlə demişəm, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar və dövlətlər yoxdur.
Heç kimin aramıza girməsinə, şəxsi maraqları naminə birliyimizə, qardaşlığımıza və həmrəyliyimizə kölgə salmasına imkan vermərik” – deyərək qardaşlığımızın gücünü və sarsılmaz iradəsini bir daha ortaya qoyub.
Türkiyə-Azərbaycan qardaşlığı bu günə qədər bütün sınaqlardan, çətinliklərdən və maneələrdən daha da güclənərək çıxmışdır və bundan sonra da belə olacaqdır. Bizim qardaşlığımızın öhdəsindən gələ bilməyəcəyi heç bir məsələ olmayıb və olmayacaqdır!
Bundan əlavə, xüsusilə bir məqama toxunmaq istərdim.
Şərtlər və vəziyyət nə olursa-olsun, Türkiyə-Azərbaycan qardaşlığı uğrunda canla-başla mübarizə aparan, bütün çətinliklərə baxmayaraq, istər Azərbaycanda, istər Türkiyədə, istər dövlət səviyyəsində, istər qeyri-hökumət təşkilatlarında, istərsə də fərdi şəkildə bu qardaşlığı müdafiə edən, yaşadan və hər fürsətdə hayqıran bütün könül dostlarıma Qarabağlı bir Azərbaycan türkü olaraq ən səmimi duyğularımla təşəkkür edirəm.
Bu qardaşlığa könül verən, çətin anlarda belə qardaşlığımızdan bir an olsun şübhə etməyən, birlik və bərabərliyimiz naminə səmimiyyətlə zəhmət çəkən hər kəsdən Allah razı olsun.
Bizim qardaşlığımız yalnız sözlərdə deyil, ortaq tariximizdə, taleyimizdə, sevincimizdə, kədərimizdə və ən əsası, qəlblərimizdə yaşayır.
Bir millət, iki dövlət!
Qardaşlığımız daim, birliyimiz əbədi olsun!
Zəfər Günümüz mübarək olsun!





