Təxminən 500 etirazçı Amsterdamın qərbində, liman ərazisində yerləşən Microsoft məlumat mərkəzinin tikinti sahəsinə daxil olub.
Zefer.media xəbər verir ki, bu barədə aksiya təşkilatçısı olan Geef Tegengas hərəkatına istinadən AT5 telekanalı məlumat yayıb.
Etirazçılar məlumat mərkəzinin üç qüllədən ibarət layihəsinin tikintisinə qarşı çıxıblar. Onların bir qismi tikinti kranının üzərinə qalxıb. Polis, o cümlədən kütləvi iğtişaşlarla mübarizə bölmələri aksiyanın dağıdılmasına başlayıb və bibər qazından istifadə edib. Bir neçə nəfər saxlanılıb.
Etiraz aksiyasına Extinction Rebellion ekoloji hərəkatının fəalları və Fələstinə dəstək verən nümayişçilər də qoşulublar. Sonuncular Microsoft-u “fələstinlilərin zülmə məruz qalmasında” iştirak etməkdə ittiham edir və şirkətin infrastrukturundan Fələstin ərazilərinin sakinlərinin izlənilməsi üçün istifadə olunduğunu, eləcə də İsrail ordusunun istifadə etdiyi məlumatların şirkətin serverlərində saxlanıldığını iddia edirlər.
Tikinti sahəsinin hasarından kənarda isə Fossiel Vrij Nederland hərəkatı daha bir aksiya keçirir. AT5 telekanalının qiymətləndirməsinə görə, aksiyada 300–400 nəfər iştirak edir. Nümayişçilər faydalı qazıntıların hasilatına qarşı çıxır və bərpa olunan enerji mənbələrinə keçməyə çağırırlar.
Microsoft şirkəti insanların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmətlə yanaşdığını, lakin qanunsuz hərəkətləri və insanların təhlükəsizliyinə təhdid yaradan davranışları dəstəkləmədiyini bildirib.
Lalə Qurbanlı

















