ABŞ Maliyyə Nazirliyi Rusiyanın kölgə bankçılığı ilə əlaqəli A7 şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib. Nazirlik A7-ni əhəmiyyətli transmilli cinayət təşkilatı kimi müəyyənləşdirib və onun subagentləri ilə bağlı əməliyyatların məhdudlaşdırılmasını təklif edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Vaşinqtonun məlumatına görə, A7 Qərb sanksiyalarından yayınmaq üçün yaradılıb və qadağan olunmuş ödənişləri adi kommersiya fəaliyyəti kimi göstərmək məqsədilə üçüncü ölkələrdəki şirkətlərdən istifadə edib. Şəbəkənin imkanlarından Rusiya strukturları ilə yanaşı, İran və İslam İnqilabı Keşikçiləri Korpusu da yararlanıb.
A7-nin öz məlumatına görə, şəbəkə 2026-cı ilin yanvarına olan məlumata əsasən gündə 2 mindən çox əməliyyat həyata keçirib. Ümumi əməliyyat həcminin 7,5 trilyon rubldan, yəni təxminən 91,5 milyard dollardan çox olduğu bildirilir ki, bu da Rusiyanın 2025-ci ildəki xarici ticarət əməliyyatlarının təxminən 13 faizinə bərabərdir.
ABŞ Maliyyə Nazirliyi A7 şəbəkəsinin Moldovanın sanksiya tətbiq edilmiş iş adamı İlan Şor tərəfindən idarə olunduğunu bildirib.
Aytən Yalçınqızı

















