“Mən uzunmüddətli bir münaqişə görürəm. Bu, mütləq bizim gördüyümüz tempdə davam etməyə bilər”.
Bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş ABŞ-İran müharibəsindən danışarkən bildirib.
“Münaqişənin fevralın son günündən daha sonrakı dövrə qədər olan dinamikasına baxsaq, görərik ki, temp dəyişib, lakin münaqişənin özü davam edir”, – deyə o qeyd edib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Zefer.media -ya açıqlamasında bildirib ki, ABŞ-İran münaqişəsinin nə qədər davam edəcəyi bir sıra amillərdən asılıdır:

ABŞ-İran münaqişəsinin uzanmasına əsas səbəb Amerikanın İranı qısa müddətdə məğlub edə bilməməsidir. Əgər ABŞ aralıq seçkilərindən sonra İsraillə birgə İrana qarşı müharibəyə başlasa və Konqresin qadağasını aşa bilsə, yalnız qısa vaxtda uğur qazanacağı halda hərbi əməliyyatlar dayana bilər. Əks halda müharibə uzanacaq.
Digər tərəfdən, İranın asimmetrik savaş imkanları məhdud deyil. Ölkə raket və dronlar vasitəsilə uzunmüddətli savaş apara bilir. Sanksiyalara baxmayaraq, İranın mövcud iqtisadi vəziyyəti də onun tezliklə məğlub olmayacağını göstərir və bu da münaqişənin uzanması riskini artırır.
Aydın görünür ki, tərəflərin maraqları tezliklə uzlaşmayacaq. Zərər çəkmələrinə baxmayaraq, İranın təmsil olunduğu blok da regiondakı maraqları naminə qarşıdurmanı davam etdirir. Onlar İranın məğlubiyyətini istəmir və onu fasiləsiz dəstəkləyirlər. ABŞ-də Trampın seçkini uduzmaq riski var və bu məğlubiyyətin qarşısını almaq üçün İrana qarşı addımlar atıla bilər. Rusiya da prosesə müdaxilə edə bilər, lakin bu da uzunmüddətli qarşıdurmanı aradan qaldırmır. Yəni tərəflərdən biri qalib gəlməyincə və ya yeni dünya düzəni qurulmayınca savaşın davam etməsi ehtimalı böyükdür”.
Ekspert qeyd edib ki, dövlətlər artıq öz təhlükəsizliklərini özləri təmin etməlidir:
“Münaqişənin uzanmasının Yaxın Şərqə təsirinə gəldikdə, uzun müddət ABŞ-nin himayəsində təhlükəsiz yaşayan Qətər, İordaniya, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı kimi dövlətlər ciddi sıxıntılarla üz-üzədir. İndi Amerikanın onları müdafiə edə bilmədiyi aşkar olunur. Digər tərəfdən, əsas gəlir mənbəyi olan neft və qazın hasilatında yarana biləcək çətinliklər uzunmüddətli dövrdə bu ölkələrə ciddi problemlər yarada bilər.
BƏƏ və digər Körfəz ölkələrinin azad iqtisadi zona kimi inkişafı əngəllənir, onların çiçəklənmə dönəmi arxada qalır. Regionda artıq belə bir rəy formalaşır ki, dövlətlər öz təhlükəsizliklərini özləri təmin etməlidir. Bu səbəbdən yeni güc balansının və hərbi-siyasi blokların yaranması gözlənilir. Regional güc mərkəzləri formalaşacaq, mövcud qlobal təhlükəsizlik arxitekturası sıradan çıxacaq. Hətta bir sıra ölkələrin mövcudluğunu itirmək riski də istisna olunmur”.
Lalə Qurbanlı

















