BMT yanında Azərbaycanın Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev beynəlxalq ictimaiyyəti cəzasızlığa qarşı mövqeyini qorumağa və məsuliyyətin təmin olunmasına çağırıb.
Zefer.media xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. Tale Əliyev BMT Təhlükəsizlik Şurasının Arria düsturu üzrə keçirilən iclasında çıxış edib.
O bildirib ki, beynəlxalq sistem Azərbaycana qarşı təcavüzün və beynəlxalq hüququn ciddi pozuntularının qarşısını ala, həmçinin ölkə ərazilərinin təxminən 30 il davam edən işğalına son qoya bilməyib.
Tale Əliyevin sözlərinə görə, məsuliyyətin təmin olunması üçün ilk növbədə siyasi iradə lazımdır. O vurğulayıb ki, ağır beynəlxalq cinayətlərə görə ümumi amnistiya, faktiki cəzasızlıq və digər toxunulmazlıq formaları dövlətlərin beynəlxalq hüquq üzrə öhdəlikləri ilə uyğun gəlmir.
Diplomat beynəlxalq ictimaiyyəti qurbanları və onların ailələrini dəstəkləməyə, məsuliyyətin təmin olunmasına yönəlmiş səyləri gücləndirməyə və ağır cinayətlərə görə məsul şəxslərin cəzadan yayınmasına xidmət edən dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.
Qəmər Kazımzadə

















