Norveç Rusiyanın sərhədi yaxınlığında Cənubi Koreya istehsalı olan, atəş məsafəsi 40 kilometrədək çatan 4 ədəd K9 özüyeriyən artilleriya qurğusundan ibarət artilleriya divizionu yerləşdirib. Bu barədə Rusiyanın Oslodakı səfiri Nikolay Korçunov “İzvestiya”ya açıqlamasında bildirib.
Zefer.media Caliber.az – a istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, daha 24 belə qurğu 2028-ci ilin sonunadək “Finnmark” briqadasına təhvil veriləcək.
“2030-cu ilədək Norveç Silahlı Qüvvələri Cənubi Koreyanın K239 Chunmoo reaktiv yaylım atəş sisteminin 16 buraxılış qurğusunu və onlar üçün uçuş məsafəsi 500 kilometrədək olan raketləri əldə edəcək”, – deyə Korçunov bildirib.
Bundan əlavə, Norveç ölkənin şimalındakı Troms vilayətində ayrıca artilleriya divizionu yaratmağı planlaşdırır.
“Bu halda Şimal Donanması və Rusiyanın Kola yarımadasındakı strateji obyektləri atəş məsafəsində olacaq”, – deyə rusiyalı diplomat qeyd edib.
Pərvin Hacıyeva




