Azərbaycanda gənc xanımların sağlamlıq mövzusunda maarifləndirilməsi, erkən profilaktika mədəniyyətinin formalaşdırılması və HİV/QİÇS-lə bağlı stereotiplərin aradan qaldırılması məqsədilə həyata keçirilən “Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi çərçivəsində 16 iyun 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində növbəti və son maarifləndirici görüş keçirilib.
Zefer.media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AIDS-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində müxtəlif yaş qruplarından olan qadın və gənc xanımlar üçün maarifləndirici görüşlər təşkil olunub.
Tədbirin açılışında layihə rəhbəri Gülnar Nəsibli iştirakçıları salamlayaraq layihənin məqsədləri, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə məlumat verib. O, layihənin əsas məqsədinin gənc qadınlar arasında HİV/QİÇS haqqında məlumatlılığın artırılması, sağlam həyat tərzinin təşviqi və erkən profilaktikanın əhəmiyyətinin təbliği olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı gənclərin sağlamlıqla bağlı düzgün və elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
Təlimin əsas məruzəçisi, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkim-infeksionisti Arzu Pənahova HİV infeksiyasının yaranma səbəbləri, yoluxma yolları, inkişaf mərhələləri və profilaktikası barədə ətraflı məlumat verib. İştirakçıların sualları cavablandırılıb, HİV və QİÇS arasındakı fərqlər, müntəzəm tibbi müayinələrin və müasir müalicə imkanlarının əhəmiyyəti izah olunub.
Tədbirin digər hissəsi HİV-lə yaşayan şəxslərin qarşılaşdığı stiqma, ayrı-seçkilik, sosial təcrid və psixoloji çətinliklərə həsr olunub. Psixoloq Mədinə Hacılı tərəfindən keçirilən psixoloji dəstək sessiyasında cəmiyyətin düzgün maarifləndirilməsinin, empatiyanın artırılmasının və stereotiplərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb.
İnteraktiv müzakirələr şəraitində keçən görüşdə iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallara cavab alıblar.
16 iyun tarixində keçirilən görüş layihənin yekun, son tədbiri olub. Layihə müddətində müxtəlif yaş qruplarından olan qadın və gənc xanımlar üçün bir sıra maarifləndirici görüşlər keçirilərək HİV/QİÇS-in profilaktikası, sağlam həyat tərzi, erkən diaqnostika, psixoloji dəstək və sosial inteqrasiya mövzularında məlumatlar təqdim edilib.
Layihənin yekun görüşünün sonunda iştirakçılara maarifləndirici materiallar və bukletlər təqdim olunub, xatirə fotosu çəkilib.
“Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi gənc qadınlar arasında sağlamlıqla bağlı məlumatlılığın artırılmasına, HİV/QİÇS haqqında yanlış təsəvvürlərin aradan qaldırılmasına və cəmiyyətdə ayrı-seçkiliyin azaldılmasına töhfə verərək yekunlaşıb.


















