Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.
Zefer.media xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.
Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək.
Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxdılar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.
Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib.


















