1 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qəbələdə 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı şəhid olan mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib.
Zefer.media xəbər verir ki, şəhidlərin xalqımızın əbədi qürur və iftixar mənbəyi olduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların işıqlı xatirəsinin heç zaman unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Görüş zamanı şəhid övladlarına hədiyyələr təqdim olunub, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi yardım göstərilib.
Şəhid ailəsinin üzvləri gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, həssas kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şahmurad Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətinin rəhbəri Seymur Əliyev də iştirak edib.


















