Ermənistan İsrailin qondarma “erməni soyqırımı”nı tanımasına cavab verməyəcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırıq ki, “erməni soyqırımı”ndan silah kimi istifadə etməmək Ermənistan Respublikasının maraqlarına xidmət edir. Yaxın gələcəkdə heç bir reaksiya olmayacaq”, – deyə Ermənistanın baş naziri jurnalistlərə qeyd edib.
Paşinyanın mövqeyi regionda davam edən siyasi proseslər fonunda da diqqət çəkir.
Bununla bağlı fikirlərini Zefer.media ilə bölüşən politoloq Züriyə Qarayeva vurğulayıb ki, bu açıqlama bir sıra siyasi məqamları özündə ehtiva edir:
“Paşinyanın bu açıqlaması Ermənistanın xarici siyasətində daha praqmatik xəttə keçid cəhdi kimi qiymətləndirilə bilər. O, “erməni soyqırımı” məsələsinin emosional-tarixi gündəmdən çıxarılıb siyasi alətə çevrilməməsini Ermənistanın maraqlarına uyğun sayır. Bu yanaşma göstərir ki, Paşinyan hökuməti diaspor mərkəzli ənənəvi siyasi ritorikadan müəyyən qədər uzaqlaşaraq, dövlət maraqları, regional münasibətlər və real diplomatik nəticələr üzərində dayanmağa çalışır. Xüsusilə Türkiyə ilə normallaşma prosesi, Azərbaycanla sülh gündəliyi və Qərblə balanslı münasibətlər fonunda İrəvan bu mövzunun yeni gərginlik yaratmasını istəmir”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan İsrailin Türkiyəyə qarşı verdiyi bu mesajda alətə çevrilmək niyyətində deyil:
“Bu mövqe Ermənistan-İsrail münasibətlərinə də yumşaldıcı təsir göstərə bilər. Paşinyanın sərt reaksiya verməməsi Tel-Əvivlə münasibətlərdə əlavə diplomatik böhran yaratmamaq niyyətindən xəbər verir. Ermənistan anlayır ki, İsrailin bu addımı daha çox Türkiyəyə qarşı siyasi mesaj xarakteri daşıyır və İrəvan bu prosesin alətinə çevrilmək istəmir. Ona görə də yaxın perspektivdə Ermənistanın İsraillə münasibətlərində kəskin dəyişiklik gözlənilmir. Əksinə, Paşinyan bu məsələdə susqunluqla həm İsrailə, həm Türkiyəyə, həm də beynəlxalq tərəfdaşlara praqmatik davranış mesajı verir”.
Lalə Qurbanlı

















