Sosial şəbəkələrdə Firuzə adlı kiçik bir qızın Almaniya istehsalı və satışda olan kərə yağına sevgisini əks etdirən video belə demək mümkünsə, çoxumuzun qarşısına çıxıb. Daha sonra həmin kərə yağının Azərbaycandakı nümayəndəliyi balaca Firuzənin ailəsini ziyarət edərək ona hədiyyələr təqdim ediblər. Televiziya kanalları da bunu işıqlandırıb.
Belə reklamlar nə qədər müsbət görüntü yaratsa da, beynimizdə bir çox suallara da səbəb olur. Ümumiyyətlə qida məhsullarını reklam edərkən tərkibi barədə dərəcədə düzgün məlumat cəmiyyətə ötürülür? Burada həm güvən, həm də sağlamlıq kimi amillər diqqət çəkir. Reklamlar nə qədər gəlir gətirsə də, şübhəsiz doğruluq prinsipi qorunmalıdır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Zefer.media-ya açıqlamasında deyib ki, kərə yağı tərkibindəki faydalı elementlərə görə orqanizm üçün xeyirli qidalar sırasındadır, ancaq onu alarkən mütləq mənşəyi bəlli olan yerdən, üzərində etiket məlumatları, istehsalçı şirkətə aid ətraflı informasiyanın olması zəruridir:
“Tərkibi, saxlanma şəraiti və son istifadə müddəti göstərilməlidir. Yağlılıq faizi 82.5 təşkil etməlidir. Həmçinin, kərə yağının tərkibində doymuş yağlar çox olduğuna görə gün ərzində hər bir insan yaşına uyğun müxtəlif miqdarda qəbul edə bilər. Belə ki, 14 yaşdan yuxarı şəxslər gün ərzində 20 – 25 qram, azyaşlılar üçün həmin miqdar daha az olmalıdır. 1-3 yaşa qədər uşaqlar 5 qrama kimi, 5 yaşdan 14 yaşa qədər olanlar 10-15 qram arası yağ istehlak etməlidir”.

Mütəxəssis vurğulayıb ki, kərə yağı qəbulu həddindən artıq olsa 1-2 gün ərzində zərər vermir, amma davamlı hal aldıqda – gündəlik yağ normasını keçdikdə ürəkbulanma, toxluq hissi, digər qidalara qarşı istəksizlik, eləcə də artıq kalorili qida olduğuna görə çəki artımı ilə nəticələnər:
“Habelə həzm sisteminin pozulması ishal, bəzən də mədədə narahatlıq kimi vəziyyət ortaya çıxır. Unutmayaq, əsas etiket məlumatları, markalanma dəqiq yerləşdirilməlidir. Hər reklama isə araşdırmadan inanmaq olmaz”.
Zərintac Mayisqızı
















