Bildiyimiz kimi Bakı – Tbilisi – Bakı sərnişin qatarı 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb, həm də genişləndirilən Bakı – Tbilisi – Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılışı olub. Bu proses digər quru sərhədlərin açılması ilə bağlı ümidləri də artırıb. Məsələn Azərbaycanla Gürcüstan arasında quru sərhədlər ümumi şəkildə açılmayıb.
Onun da əlavə edək ki, Naxçıvan üzərindən Türkiyəyə də quru yolla getmək mümkündür. Marşrut Naxçıvanın Sədərək Sərhəd Keçid Məntəqəsi ilə Türkiyənin Dilucu Sərhəd Qapısı arasında həyata keçirilir. Bu keçid Türkiyə ilə Azərbaycanın yeganə birbaşa quru sərhəd bağlantısıdır. Lakin müəyyən məhdudiyyətlərə görə, yoldan Naxçıvanda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının istifadə etməsinə icazə verilib.
Doğrudur, dövlətimiz tərəfindən gələcəkdə bir çox layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. Ancaq çoxumuzu sərhədlərin nə vaxt açılacağı sualı düşündürür, Türkiyə mediasında da qardaş ölkə ilə quru sərhədlərə dair məhdudiyyətlərin aradan qaldırılması məsələsi zaman-zaman işıqlandırılır, nikbin proqnozlar verilir.
Politoloq Turab Rzayev Zefer.media-ya açıqlamasında deyib ki, artıq quru sərhədlərin mərhələli qaydada tam açılmasının vaxtı gəlib:
“Hökumətimiz sözügedən proseslə bağlı müəyyən addımlar ata bilər. Bəli, Azərbaycan və Gürcüstan arasında dəmir yolu xətti artıq istifadəyə buraxılıb. Həmin xəttin təkcə Bakı -Tiflis hissəsi yox, Bakı – Tiflis – Qars hissəsinin həyata keçirilməsi mümkündür. Faktiki olaraq sadəcə Tiflisə yox, Türkiyəyə də vətəndaş, yük, növbəti mərhələdə isə Azərbaycandan Gürcüstana xüsusi istiqamətlənmiş avtomobil nəqliyyatı daşımaları həyata keçirilə bilər, xüsusi avtobusların təşkili mümkündür: Bakı – Qırmızı körpü, Bakı – Tiflis, yaxud Borçalının azərbaycanlılar yaşayan rayon və kəndlərinə, eyni zamanda Gəncə, Sumqayıt, digər iri şəhərlərdən icra edilə bilər. Hələki bu cür etmək olar, əgər dövlətin ümumi sərhədləri hələ açmaq planları yoxdursa…”
Politoloq qeyd edib ki, Naxçıvan üzərindən Türkiyəyənartıq digər vətəndaşlarımız da quru sərhədlərdən bəhs olunan qaydalarla gedə bilərlər:
“Onu da demək yerinə düşər ki, Qars–İğdır–Dilucu (Naxçıvan sərhədi) dəmir yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin layihə Türkiyənin Qars vilayətini İğdır və Dilucu sərhəd-keçid məntəqəsi vasitəsilə Naxçıvanla birləşdirəcək. Lakin bu, xeyli vaxt aparacaq. Həm də bizim üçün o zaman əhəmiyyətli ola bilər ki, Azərbaycandan da oraya gedən şəxslər olsun. İndiki halda Bakı -Tiflis -Qars istiqamətində həmin planı etmək mümkündür. Daha sonra TRIPP adlanan regional nəqliyyat və infrastruktur layihəsi reallaşdırıldıqda faktiki qaydada Bakı – Ağbənd dəmir yolu ilə Zəngəzur üzərindən Naxçıvana oradan da Türkiyəyə vətəndaş və yük daşımalarının aparılması mümkündür”.
Zərintac Mayisqızı

















