Məktəbdə şagirdə qarşı fiziki və ya psixoloji zorakılıq artıq cərimə ilə nəticələnə bilər. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, həm müəllimlər, həm də valideynlər üçün 200 manat məbləğində cərimə nəzərdə tutulur.
Bu məsələ cəmiyyətimizdə ciddi müzakirə mövzusuna çevrilib. Uşaqların hüquqlarının qorunması vacib addım olsa da vətəndaşlarımızın əksəriyyəti bəzi səbəblərdən həmin qərarlara çox da müsbət baxmır. Bəs sözügedən qaydalarin tətbiqi nə dərəcədə və hansı hallarda doğrudur?
Sosioloq Naib Niftəliyev Zefer.media-ya açıqlaması zamanı deyib ki, öncə inzibati xətalar məcəlləsinin formatında dəyişikliklər olmalıdır:
“Hər bir əmələ görə konkret tətbiq nəzərdə tutulmalıdır. Elə faktlar var ki, fiziki, yaxud da psixoloji zorakılıq cinayət məcəlləsində xüsusi yer alır və cəza mexanizmləri mövcuddur. Bütün bu neqativ hallara qarşı tədbirlər görülməsi əlbəttə zəruridir. Lakin bir pedaqoqun davranışının məhdudlaşdırılması kimi fəaliyyətlər istər-istəməz mübahisə və müzakirə predmeti kimi böyüyür. Müəllimin davranışının hüquqi, sosial, həm də pedaqoji cəhətdən başa düşüb qiymətləndirməliyik. Onu cərimə etmək artıq nüfuzuna xələl gətirmək kimi olur. Müəllim üçün cərimə həbsdən daha ağırdır. Maddi baxımdan yanaşsaq, tutaq ki, bir pedaqoqu 4 şagird şikayət etsə demək olar ki, bütün qazancı gedəcək. Fiziki travmanı yaxşı başa düşürük, bunu şagirdə qarşı qətiyyən etmək olmaz. Psixoloji şiddət nüansı daha dəqiq şəkildə aydınlaşdırılmalıdır. Şübhəsiz istisnalar var, amma bir müəllimin şagirdə psixoloji travma göstərmək kimi niyyəti ola bilməz. Cərimə tətbiqi ilə bağlı məsələ daha detallı izah olunmalı, həyata keçirilərkən dəqiq sübutlar müəyyənləşdirməlidir. Əks halda bir çox boşluqlar, müəllimə təzyiq imkanları, qərardan istifadə yarana bilər. Bu da təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir. Vurğuladığım amillər istər müəllimin, istərsə də valideynin tərbiyə metodunda əngəllər törədər. Hər şeyi də psixoloji şiddət kimi görməyək. Məsələn, uşağı düzgün yönləndirmək məqsədilə bəzən danlayırlar, biraz sərt danışırlar. Əl qaldırmadan, psixikasını zədələmədən müəllim yeri gələndə şagirdə töhmət də etməlidir, yaxşı mənada, məqsədyönlü biraz təzyiq göstərməlidir ki, həm dərs, istər tərbiyəsi üçün ürəkaçan nəticə əldə olunsun”.

Sosioloq bildirib ki, müəllimlər şagirdin mənəvi, ikinci valideyni sayılır, ona və yaşına hörmət etmək gərəklidir:
“Pedaqoq həqiqətən səhv edirsə, fiziki şiddət və s. kimi mənfi əməllərə yol verirsə, hər bir vətəndaş kimi cəzalandırılmalıdır. Ancaq müəllimin adını zəiflətmək, gözdən, hörmətdən salmaq yolverilməzdir, şagird üzərindəki təsiri əlindən almaq bərabərində ciddi özbaşınalıqlar gətirə bilər. Valideynləri, azyaşlıları pedaqoqla qarşı-qarşıya qoymaq, düşmən etmək lazım deyil. Uşaq hüquqları, ümumiyyətlə hər bir fərdin haqları mütləq ki, qorunmalıdır. Ortada doğrudan da önəmli səbəblər varsa müəyyən cəzalar həyata keçirilməlidir. Qaydalar, cəzalar olmasa qanun və hüquq pozuntuları hər yerdə baş alıb gedər. Ana-atanın da övladı üzərində nəzarətini, belə demək mümkünsə hökmünü səlahiyyətindən çıxarmaq olmaz, əgər ortada uşağının hüquqlarının tapdalanması məqamı yoxdursa…”
Zərintac Mayisqızı

















