“Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, həyatını itirən və xəsarət alanlar var”, “Ailənin bütün üzvləri dəm qazından zəhərlənib” və s. tipli dəhşətli başlıqlar zaman-zaman qarşımıza çıxır. Bu da demək olar ki, hər birimizin narahatlıq, qorxu mənbəyinə çevrilib.
Bəs, yaşayış binalarında təhlükəsizlik qaydaları necə təmin edilməlidir? Hansı məqamlara diqqət yetirilməlidir?
Təhlükəsizlik eksperti Orxan Musayev Zefer.media-ya açıqlamasında deyib ki, binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biri hesab olunur:
“Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil. Həm də sakinlərin davranışı, texniki sistemlərin düzgün işləməsi və ümumi nəzarətdən formalaşan bir prosesdir. Binanın mühəndis kommunikasiya və qaz xətləri, elektrik sistemi, havalandırma qurğuları mütəmadi şəkildə yoxlanılmalıdır.
Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır. Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyəsi üçün planlar mövcud olmalıdır. Yanğın hadisələri yaşanmasın deyə müvafiq tədbirlər öncədən görülməlidir. Baş verdiyi təqdirdə orada yaşayan şəxslərin həyat və sağlamlığına zərər dəyməsinin qarşısı alınmalı, kompleks tədbirlərə əməl edilməlidir. Belə hallarda insanlar həyəcana düşməməlidir, tüstüdən zəhərlənməmək üçün yerə doğru uzanmaq, sonra isə tez təhlükəsiz əraziyə çıxmaq gərəklidir. Əgər çıxış yolu yoxdursa, qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün daxil olmasını dayandırmalı və balkona gedərək aidiyyatı qurumlardan kömək gözləməlidirlər… Unutmayaq, tüstü yanğında ölümün əsas səbəblərindən biri sayılır”.

Ekspert vurğulayıb ki, binanın birinci mərtəbəsində restoran və digər iaşə obyektlərinin yerləşməsi də risklər yarada bilir:
“Çünki istilik mənbələri çox olur, lakin ölkəmizdə mövcud qaydalara görə yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi, habelə hansısa qazla istismar olunan cihazların da sözügedən qeyri-yaşayış yerlərində istifadəsi təhlükəli və qadağandır. Onlara yalnız elektrik qızdırıcılarından yararlanmaq icazəlidir. Amma qeyd edilən obyektlərin üst mərtəbəsində yaşayış mövcud olduğuna görə yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan sakinlərin həyatını da riskə atır. Restoran və yaşayış sahələri arasında mütləq izolyasiya sistemləri qurulmalıdır. Tüstünün, qoxunun mənzilə keçməsinin qabağı alınmalıdır, hamı kiçik nüanslardan tutmuş ümumi normativ qaydalara nəzarət etməlidir”.
Zərintac Mayisqızı
















