Müasir dövrdə sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Paylaşımlar, hekayələr və davamlı yenilənən məlumat axını bir çox insanda “nəyisə qaçırmaq qorxusu” — FOMO hissi yaradır. Bəzi şəxslər başqalarının həyatını izlədikcə, sanki öz həyatlarında nəyinsə çatışmadığını düşünürlər.
Mövzu ilə bağlı Zefer.media-ya açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, FOMO(nəyisə qaçırmaq qorxusu) insanın özünü digərləri ilə müqayisə etməsindən yaranır:
“Bir çoxları başqalarının həyatının daha parlaq tərəflərini görür, bunu öz gündəlik həyatı ilə müqayisə edir və özünü geridə hiss edir. Halbuki reallıq çox vaxt göründüyü kimi deyil. Həmin hissin kökündə həm də qəbul olunmaq və aid olmaq ehtiyacı dayanır. Heç kim kənarda qalmaq istəmir. Özünə güvən az olduqda, insan qərarlarından tez şübhələnir və “bəlkə daha yaxşısı vardı” düşüncəsi güclənir. Bu isə FOMO-nu daha da artırır. Sosial media sözügedən prosesi daha da möhkəmləndirir. Bu platformalarda insanlar əsasən həyatlarının uğurlu və xoşbəxt anlarını paylaşırlar. Nəticədə ortaya reallıqdan uzaq bir “vitrin həyatı” çıxır. Halbuki görünməyən tərəf – çətinliklər və problemlər – çox vaxt gizli qalır”.
Müsahib əlavə edib ki, nəyisə qaçırmaq qorxusu ilə mübarizədə ilk addımlardan biri sosial media istifadəsini tənzimləməkdir:
“Çünki həmin hissin əsas mənbələrindən biri məhz sosial şəbəkələrdir. Ekran vaxtını azaltmaq, müqayisə hissini gücləndirən hesabları izləməmək faydalı ola bilər. Bu, bir növ zehni “detoks” effekti yaradır. Diqqəti başqalarının həyatından çox, öz dəyərlərinə və prioritetlərinə yönəltmək də vacibdir. “Mən indi nə istəyirəm?” sualı insanın diqqətini özünə qaytarır. Anda qalmaq, xırda şeylərdən zövq almaq və həyatın tempindən bəzən uzaqlaşıb daxili səsini dinləmək bu baxımdan önəmlidir.Eyni zamanda qəbul etmək lazımdır ki, hər kəs hər şeyə eyni anda sahib ola bilməz. Hər insanın həyatı onun şəraitinə, seçimlərinə və imkanlarına görə formalaşır. Öz yolunu başqalarının tempi ilə ölçmək isə yalnız yorğunluq və narazılıq yaradır.Uzun müddət davam edən FOMO psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. Bu hal daimi narahatlıq, gərginlik, diqqət dağınıqlığı, yuxu problemləri və qərarsızlıqla müşayiət oluna bilər. Zamanla insan öz həyatından məmnunluğunu itirir, daim nəyinsə çatışmadığını hiss edir. Bu isə özgüvənin azalmasına, emosional yorğunluğa, hətta depressiv əlamətlərin yaranmasına səbəb ola bilər. Ən təhlükəli tərəfi isə odur ki, insan real həyatı yaşamaq əvəzinə digərlərinin həyatını izləməyə fokuslanır”.
Qəmər Kazımzadə

















