Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb.
Zefer.media xəbər verir ki , ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.
Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib.





