Qlobal və regional böhranların turizm sektoruna təsiri son dövrlərdə daha qabarıq şəkildə hiss olunur. Dünyada baş verən siyasi gərginliklər, təhlükəsizlik riskləri və iqtisadi qeyri-sabitlik turizm axınlarına birbaşa təsir göstərərək həm gəlmə, həm də getmə turizmdə müəyyən dəyişikliklər yaradır. Xüsusilə Yaxın Şərqdə müşahidə olunan proseslər tranzit və beynəlxalq səfərlərin təşkilinə təsir etməklə bu sahədə əlavə risklər formalaşdırır. Mövcud vəziyyət turizmin davamlılığı, risklərə uyğunlaşma imkanları və gələcək perspektivləri ilə bağlı müzakirələri aktuallaşdırır.
Məsələylə bağlı Zefer.media saytına açıqlama verən Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının sədri, “Millennium Turizm, Konqres DMC” şirkətinin direktoru Ruslan Quliyev qlobal və regional böhranların getdikcə bir-biri ilə əlaqələnərək daha geniş miqyaslı risklər yaratdığını bildirib : ” Nəinki qlobal miqyasda baş verən böhranlar, həm də müxtəlif regional böhranlar nəticə etibarilə qlobal səviyyədə təhdidlərə səbəb olur. Turizm elə bir sahədir ki, son dərəcə həssasdır; dünyada baş verən kataklizmlər, təbii hadisələr, hərbi toqquşmalar və pandemiyalar bu sahəyə ciddi təsir göstərir. Bununla belə, turizmin özünəməxsus bərpa qabiliyyəti mövcuddur.
Son hesablamalara əsasən, hər gün turizm sahəsində yaranan itkilər qlobal iqtisadiyyata yüz milyonlarla dollar həcmində ziyan vurur. Çünki bu sahənin təsir dairəsi olduqca genişdir və turizm qlobal iqtisadiyyatın əsas sütunlarından biri hesab olunur. Nəzərə alsaq ki, turizmin qlobal ümumi daxili məhsula töhfəsi təxminən 11 trilyon ABŞ dollarına yaxındır və bu sahə 357 milyon nəfərin məşğulluğunu təmin edir, həmçinin 2025-ci ilin statistikasına görə 1,5 milyard beynəlxalq turist səfəri qeydə alınıb. Bu göstəricilər yalnız gecələmə və avia daşımalarla məhdudlaşmır, eyni zamanda birbaşa məşğulluğa, xidmət ixracına, istehlak bazarına və regionların valyuta gəlirlərinə də ciddi təsir göstərir.
Eyni zamanda, hazırda Yaxın Şərqdə baş verən proseslər turizm sektoruna birbaşa təsir edir. Bu təsir həm Azərbaycana gələn turist axınına, həm də ölkədən xaricə səfərlərə özünü göstərir. Nəzərə alsaq ki, Yaxın Şərqdə yerləşən ölkələr, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirlikləri mühüm tranzit və hub rolunu oynayır, bu istiqamətlərdə yaranan məhdudiyyətlər Uzaq Şərqə təşkil olunan səfərlərə də ciddi təsir göstərir. Aparılan hesablamalara görə, əgər bu iğtişaşlar aprel ayına qədər səngiməzsə, yay turizm mövsümü də risk altında qala bilər.
Bundan əlavə, yalnız bu regionla bağlı problemlər deyil, həm də səsləndirilən ultimatumlar, müxtəlif çağırışlar və istirahət mərkəzlərində mümkün terror aktları ilə bağlı risklər insanların səfərlərini təxirə salmasına səbəb ola bilər. Bu isə ümumilikdə turizm səfərlərinin sayına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək”.
Sonda R.Quliyev fors-major hallarının müqavilələrin icrasında maneələr törədə biləcəyini qeyd edib: “Eyni zamanda, fors-major halların baş verməsi müqavilə öhdəliklərinin icrasında çətinliklər yarada bilər. Bu isə öz növbəsində avia daşımalar üzrə qiymətlərin artmasına və sığorta şərtlərinin daha da sərtləşdirilməsinə gətirib çıxara bilər”.
Pərvin Hacıyeva

















